“Ana dilli məktəblərimizin şəbəkəsini genişləndirməliyik” - Deputat

“Azərbaycan dili və əlifbası günü münasibəti ilə Yer üzündə yaşayan və türkcə danışan bütün soydaşlarımızı, bacı və qardaşlarımızı ürəkdən təbrik edirəm”.
Bunu 1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı deyib. Onun sözlərinə görə, Ana dili ən böyük mənəvi sərvətimiz və birliyimizi qoruyan başlıca ünsiyyət vasitəsidir.
“Dilimizin təmizliyi onun qayğısına qalmaq, onu zənginləşdirmək, inkişaf etdirmək borcumuzdur. Nə qədər çətin mərhələlərdən keçsə də, Azərbaycan türkcəsi ölməzliyini sübut edib. Bu gün dövlətimizin rəsmi dilidir, dövlət tərəfindən qorunur, yayılma dairəsini böyükdür. Dilimizin zənginliyi və ifadə imkanının genişliyi ilə qürur duymalı və ana dilli məktəblərimizin şəbəkəsinin genişlənməsinə çalışmalıyıq”,- deyə o bildirib.
Millət vəkili söhbətimizi bu misralarla yekunlaşdırdı:
“Döyüşdə qılınctək sıyrıldı qından,
Başımın üstündə bayrağım oldu.
Torpağım ikiyə bölünən zaman
Bu dil bölünməyən torpağım oldu...”
Nərmin Vüqarqızı