Ruslan Əliyev Gədəbəydə aparılan işlərlə yerində tanış oldu

 18:16 01.08.2022     9196

İyun ayının 22-də çoxsaylı müraciətləri nəzərə alaraq "Azəriqaz" İstehsalat Birliyinin Gədəbəy rayonunun Qoşabulaq kəndində "Açıq mikrofon" aksiyası keçirib.

Redaktor.az xəbər verir ki, həmin aksiyada vətəndaşlar Birliyin baş direktoru Ruslan Əliyevə müraciət edərək yaşadıqları kəndə təbii qaz verilməsini xahiş ediblər.

Sakinlərin müraciətlərinə cavab olaraq Birlik rəhbəri adı çəkilən kəndin qazlaşdırılması üçün aidiyyatı üzrə şöbələrə göstəriş verib və tez bir zamanda qazlaşdırma işlərinə başlanılıb.

Bu gün isə Gədəbəy rayonunda vətəndaş qəbulu keçirən Ruslan Əliyev görüşdən sonra aparılan qazlaşma işləri ilə tanış olmaq üçün Qoşabulaq kəndinə gedib. Kənd sakinləri və qazlaşma işlərini aparan əməkdaşlarla görüşən Birlik rəhbəri işlərin daha da sürətləndirilməsinə və havalar soyuyana qədər başa çatdırılmasına göstəriş verib.

Kənd sakinləri onlarla səmimi söhbətinə və kəndin qazlaşdırılmasını nəzarətdə saxladığına görə baş direktora öz təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, Qoşabulaq kəndində 370 sakin yaşayır. Kəndin qazlaşdırılması üçün 46000 metr daşıyıcı və paylayıcı qaz kəmərinin çəkilişi nəzərdə tutulur.

222