Goranboyun Səfikürd kəndində qazılası artezian quyusu başqa yerə satılıb? - Şikayət

 15:21 05.08.2022     19364

“Goranboy rayonu Səfikürd kəndi Qaş məhəlləsi uzun illərdir ki, susuzluqdan, xüsusən də suvarma suyu çatışmazlığından əziyyət çəkir. Həyətyanı, pay və əkin torpaqlarımızı suvarmağa su tapa bilmirik, məhəllələrdə meyvə ağaclarımız quruyub, əkinlərimiz də batıb. Ulu Öndərimizin bizlərə hədiyyə etdiyi pay torpaqları susuzluqdan becərə bilmirik”.

Bu sözlər Goranboy rayonu Səfikürd kəndinin Qaş məhəlləsi sakinlərinin adından Əsədov Yusif Cavad oğlunun Redaktor.az vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Baş Prokuror Kamran Əliyevə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi cənab Əli Nağıyevə, Melorasiya və Su Təsərrüfatı ASC-yə, Milli Məclisin deputatı Ağalar Vəliyevə ünvanladığı müraciət məktubunda əksini tapıb.

Müraciətdə bildirilir ki, 2 il öncə subartezian quyularının qazılması üçün Meliorasiya və Su Təsərrüfatı ASC-yə müraciət ediblər. Qurum nümayəndələri gəlib əraziyə baxış keçirib.

“1 ədəd subartezian quyusunun qazılması üçün yer müəyyən edildi, koordinatı vuruldu, qeydiyyata alındı. 2021-ci ilin sentyabr ayında həmin məsul yoldaşlar bizə zəng vuraraq bildirdilər ki, rayonunuza 5 quyu təyin olunub və o quyunun da biri sizin məhəllədə qazılacaq, adınız siyahıda rayon İcra Hakimiyyətinə və yerli idarəmizə göndərilib. Biz də rayon Suvarma Sistemləri idarəsindən maraqlandıq, dedilər ki, düzdü, adınız var və 2022-ci ilin yazında (aprel-may aylarında) subartezian quyu qazılacaq.

Ancaq bu yaz da bitdi, amma gəlib qazmadılar. Melorasiya və Su Təsərrüfatı ASC-ə zəng vurduq dedilər ki, biz sizin adınızı qeydiyyata salıb göndərmişdik və quyu qazılmalıydı, yəqin rayondan siliblər. Biz də rayon Suvarma Sistemləri idarəsinə zəng vurduq və bizə oradan məsul şəxs dedi ki, 2021-ci ilin payızında gələn 5 quyunun içərisində adınız vardı və icra başçısı adınızı təsdiqləmədi, ona görə də sizün üçün nəzərdə tutulan quyunu başqasına verdilər. Bu il üçün də 31 quyunun siyahısı göndərilib, lakin burada da bizim ərazimizə quyu salınmayıb”,- deyə müraciətdə vurğulanıb.

İllərdir, kəndlərinə su çəkilməyən sakinlər qeyd ediblər ki, Melorasiya və Su Təsərrüfatı ASC-də əhaliyə bildirilib ki, onların ərazilərinə düşən subartezian quyuları Goranboy Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiqlənmir. Bu səbəblə həmin məhəllə üçün nəzərdə tutulan quyu başqasına verilir.

Gördüyünüz kimi, Goranboyda Sizin biz vətəndaşlara verdiyiniz suyu - subartezian quyularını özü kimə istəyir satır, Yezidlik edir. Burada gizli marağı nədir ki, Sizin kasıblara, dinc əhaliyə hədiyyə etdiyiniz, dövlətin büdcəsi hesabına qazılan və adımıza qeydiyyata salınan, qazılması planlaşdırılan, hətta bu barədə bizə dəfələrlə aidiyyəti dövlət qurumundan məlumat verilən subartezian quyusunu başqa yerə salırlar? Təbii ki, burda bir maraq var. O da rüşvət. Və bir də kasıb, zəhmətkeş, dinc sakinləri Sizdən narazı salmaq!”,- deyə sakinlər narazılıqlarını qeyd ediblər.

Şikayətlə bağlı Meliorasiya və Su Təsərrüfatı ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Dilqəm Şərifovla əlaqə saxladıq. Onun sözlərinə görə, Səfıkürd kəndində yalnız kəndin yaşayış massivində 16 subartezian quyusu var, amma əkin sahələri olan torpaqlarda su çıxmır.

“Mövcud quyular çox az su verir. Lakin ərazidə bu il su problemi olmadı. Səfıkürd nasos stansiyası ilə ərazilər suvarılır. Və son 12 ildə ilk dəfə olaraq Səfıkürd su anbarını su ilə doldurmağa nail olduq. Bunun üçün kollektivimiz 3 ay anbara gələn kanalı bərpa etdi. Hazırda həm Səfıkürd, Qızılhacılı, həm də Balakürd kəndlərinə göldən su axıdılır.

Qaş məhəlləsi isə iki yerdədir. Biri Səfıkürddə qeyd etdiyim su anbarı vasitəsilə suvarılır. Bir dəfə də sel zamanı suvarılıb. Bir Qaş məhəlləsi isə Tatarlı kəndindədir. Həmin ərazidə 2 subartezian quyusu var və Qara Goran çayı vasitəsi ilə suvarılır. Hazırda həmin çayda 400 litr su var”,- deyə Dilqəm Şərifov qeyd edib.

Məsələ ilə bağlı Goranboy Rayon İcra Hakimiyyətindən münasibət öyrənə bimədik, çünki məsələni araşdırmaq üçün nə zənglərimizə, nə də göndərdiyimiz rəsmi sorğuya cavab vermədilər.

Nərmin Vüqarqızı

222