Audiovizual Şuradan Aztv ilə bağlı AÇIQLAMA

 16:28 03.08.2022     481

Azərbaycan Respublikası Audiovizual Şurası açıqlama yayıb.

Redaktor.az-ın məlumatına görə, açıqlamada deyilir:

"1 avqust 2022-ci ildə ümumölkə yerüstü televiziya yayımçısı olan “AZTV” kanalının efirində saat 20.00-dan yayımlanan “AzTV Xəbər” proqramında Bakının və ümumiyyətlə Azərbaycanın son zamanlar çox müraciət olunan turizm istiqamətlərindən biri olduğunu göstərən süjet nümayiş olunub və turist kimi ölkəmizə səfər edən bir sıra əcnəbilərdən müsahibə alınıb. Reportajın efirdə olduğu müddətdə aşağı titrlərdə “qonaqlı-qaralı Bakı” sərlövhəsi qeyd olunub.


Bəzi onlayn media resurslarında və sosial şəbəkə səhifələrində həmin sərlövhənin bütün reportaj boyu efirdə olmasına baxmayaraq, yalnız qaradərili əcnəbi bir turistdən müsahibə alınarkən olan “skrin fotosu” yayılaraq bunun irqi ayrı-seçkilik kimi qiymətləndirilməsinə cəhdlər göstərilir.


Azərbaycan Respublikası Audiovizual Şurası bildirir ki, reportajın məzmununda və qeyd edilən titrlərdə heç bir ayrı-seçkiliyə eyham belə sezilə bilməz. Hamımızın bildiyi və söz ehtiyatı ilə zəngin olan doğma dilimizdə tez-tez işlədilən “qonaq-qaralı” ifadəsində olan qara hissəsi heç bir halda rəng mənasında, həmin ifadənin süjet boyu efirdə nümayiş olunması da heç cür hər hansı irqi, etnik, dini və ya digər ayrıseçkiliyin nəinki təbliği, hətta nümayişi kimi də qəbul oluna bilməz.

 

Qeyd olunmalıdır ki, Azərbaycan dilinin etimologiya lüğətində “mal-qara”, “qonaq-qara” tipli sözlərdə qara hissəsi cəmlik bildirir, yəni, qonaq-qara “qonaqlar” deməkdir. Bunları nəzərə alaraq, onlayn media redaksiyalarını, həmçinin, sosial şəbəkə istifadəçilərini belə xəbərləri, statusları və ya fikirləri paylaşanda daha məsuliyyətli olmağa və ictimaiyyəti yanlış yönləndirməyə cəhd etməməyə çağırırıq.