Naxçıvan polisində yeni təyinatlar

 16:31 06.08.2022     1101

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbini bitirən polis kiçik leytenantlarının daxili işlər orqanlarında müvafiq vəzifələrə təyin edilməsi münasibətilə tədbir keçirilib.

Redaktor.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri Rəşad İsmayılov muхtаr rеspublikаda polis оrqаnlаrının mаddi-tехniki bаzаsının ən müаsir səviyyəyə çаtdırıldığını bildirib.

R.İsmayılov qeyd edib ki, istər nazirlik, istərsə də bütün ərаzi pоlis оrqаnlаrı üçün müasir iş şəraiti olan inzibаti binаlаr istifadəyə verilib, polisin fəaliyyəti yenidən qurulub. Həmçinin bu sahədə yeni qərarlar qəbul edilib, müşavirələr keçirilib, qarşıya mühüm vəzifələr qoyulub. Bu gün qarşıda duran mühüm vəzifələrdən biri də kadr hazırlığının yüksəldilməsidir.

Bu tədbirlərin davamı kimi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin yaradılması və məktəb üçün müasir tədris kompleksinin istifadəyə verilməsi mühüm əhəmiyyətə malikdir. Məktəb hüquq-mühafizə orqanlarının orta rəis heyətinə olan tələbatını ödəyir. Burada kursantların gələcəkdə səmərəli fəaliyyət göstərməsi üçün lazımi imkanlar mövcuddur. Tədris korpusunda auditoriyalar, elektron lövhəli siniflər, xüsusi hazırlıq fənləri üçün kabinələr, kompüter sinfi, kriminalistik laboratoriya və digər yaradılan infrastruktur kursantların daha yaxşı təhsil almasına şərait yaradır.

Bildirilib ki, ötən il orta ixtisas polis məktəbini 25 kursant bitirib və daxili işlər orqanlarında müvafiq vəzifələrə təyin ediliblər. Bu il isə məktəbi 30 kursant bitirib, 4-ü fərqlənmə diplomu alıb. Onlara polis kiçik leytenantı rütbəsi verilib. Bu gün orta ixtisas polis məktəbini bitirən 30 polis kiçik leytenantı müvafiq vəzifələrə təyin olunur. Onlar əsasən polis sahə inspektoru vəzifələrində xidmət aparacaqlar.

Nazir qeyd edib ki, polis sahə inspektorlarının fəaliyyəti yenidən qurulub, muxtar respublikada bir icra nümayəndəsi - bir sahə inspektoru prinsipi əsas götürülür. Bu sahədə müxtəlif tədbirlər həyata keçirilib, sahə inspektorlarına xidməti çantalar və planşetlər təqdim edilib.

Diqqətə çatdırılıb ki, yeni təyin olunan polis kiçik leytenantları xidməti fəaliyyətlərini günün tələbləri səviyyəsində qurmalı, əhali ilə sıx təmasda olmalı, hüquqpozmalara meyilli şəxslər araşdırılmalı, qanunvericilikdə nəzərdə tutulan məsələlər dərindən öyrənilməli, polis sahə inspektorlarına köməkliklər göstərilməlidir.

Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri polis kiçik leytenantlarına tövsiyələrini çatdırıb, onları vəzifəyə təyin olunmaları münasibətilə təbrik edib, xidməti vəzifələrində uğurlar arzulayıb.

Tədbirdə polis kiçik leytenantları Ruzi Əhmədov və Samir Ələsgərov çıxış edərək minnətdarlıq ediblər.

Sonra vəzifəyə yeni təyin olunan polis kiçik leytenantlarına xidməti çantalar təqdim olunub.