Ağsuda Vətən müharibəsi şəhidin xatirəsi anıldı - VİDEO
Bu gün Vətən Müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlmiş Xüsusi Təyinatlı Qüvvələrin zabiti Quluzadə Kamran Pərviz oğlunun anım günüdür.
Redaktor.az Ağsunun Gəgəli kəndində şəhidin anım mərasimi keçirilib.
Mərasim iştirakçıları əvvəlcə kənd məzarlığında şəhidlik zirvəsinə ucalan kəşfiyyatçı baş leytenant Kamran Quluzadə, əsgərlər Vüsal İbişov və Elmir Süleymanlının yeni qurulan qəbirüstü xatirə abidəsinin üzərinə əklillər və gül dəstələri qoyub, ruhlarına dualar ediblər. Şəhid ailələrinin təşəbbüsü ilə monumental formada inşa olunan xatirə abidəsi qarşısında şəhid ailələri və kənd sakinlərinə xitabən çıxışlar edilib.

Çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qırx dörd günlük Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən danışıb, döyüşlərdə Ağsu rayonunun təkcə Gəgəli kəndindən onlarla gəncin könüllü iştirak etdiyini bildiriblər. Döyüşlərdə şəhid olan igid oğulların xatirələrinin həmişə əziz tutulacağını vurğulayıblar.
Qeyd edək ki, Gəgəli kəndinin igid oğulları şəhid baş leytenant Kamran Quluzadə Xocavənd rayonunun Tuğ kəndi istiqamətində, şəhid Elmir Süleymanlı Hadrutda 1621 yüksəkliyində, şəhid Vüsal İbişov isə Ağdərə istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına həlak olublar.
Şəhid ailələri övladlarına göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Xatırladaq ki, Kamran Quluzadə 1998-ci il avqustun 14-də Ağsu rayonunun Gəgəli kəndində anadan olub. 2015-2019-cu illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Kamran Quluzadə 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edib.
Azərbaycan Ordusunun leytenantı olan Kamran Quluzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kamran Quluzadə oktyabrın 21-də Xocavənd döyüşləri şəhid olub. Ağsu rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 1müvafiq sərəncamları ilə Kamran Quluzadə ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.
Allah rəhmət eləsin!
















