"Biz normal dövlətiksə, bu adamlar cəzalandırılmalıdır" - Sosioloq
“Bu rəzil cinayəti törədənlər əmlakı müsadirə olunmaqla həbs edilməsə, dövlət öz xalqı qarşısında rəzil oldu deməkdir.”
Redaktor.az xəbər verir ki, bu sözləri dünən sosial media platformalarında Fövqəlada Hallar Nazirliyinin vəzifəli şəxslərinin intim görüntülərinin yayılmasına münasibət bildirən “Sağlam Cəmiyyət Hərəkatı”nın rəhbəri, sosioloq-jurnalist Elçin Bayramlı deyib.
Onun sözlərinə görə, burada heç bir şəxsi həyatdan söhbət gedə bilməz və bu şəxsi həyat iddiasını ortaya atan adamlar pozğunluq təbliğ edən, qanunlara, xalqın mənəvi dəyərlərinə tüpürən şəxslərdir:
“Xalq üçün ən müqəddəs yer onun dövlətidir, dövlətin müqəddəs məbədini- xalqa xidmət etmək üçün ayırdığı kabineti yafahişəxana çevirmək və burada intim videoları çəkib pornofilm studiyası yaratmaq ağır cinayətdir. Həmin şəxslər bütün əmlakı müsadirə edilməklə dərhal uzun müddətə həbs olunmalıdır. Bunu müdafiə edənlərsə bizim cəmiyyət tərəfindən boykot olunmalıdır. Onlara kim olduqlarını göstərməliyik. Əgər biz hələ cəmiyyət olaraq ölməmişiksə, ölmədiyimizi göstərmək istəyiriksə, bu adamların sifətinə tüpürməliyik. Bəlkə də mən sərt danışıram, amma cəmiyyəti bu dərəcəyə gətirib çıxarıblar. Həm bu məmurlar özü, həm də onları müdafiə edənlər bunların zərrə qədər də əks-arqumenti ola bilməz. Yəni burada aşkar əxlaqi pozğunluq, cinayət, qanunsuzluq... bütün nə qədər pis şeylər varsa, hamısından söhbət gedir. Başqasının arvadını, qızını dövlət idarəsini cinsi əlaqəyə təhrik etmək bu artıq orada işləyən bütün başqa insanlar üçün də psixoloji zərbədir. Bu orada çalışan bütün qadınların şübhə altında qalması deməkdir.”
Elçin Bayramlı onu da qeyd etdi ki, həmin şəxs vəzifəsindən istifadə edərək orada işləyən çox saylı qadınlara təzyiq göstərib
"Ola bilsin şirnikləndirib, ya şantaj edib, amma bundan artıq murdarlıq, pozğunluq, rəzillik, cinayət ola bilməz.
Bu rəzalətə razı olan qadınlar bir ailənin anasıdır, onun nə ixtiyarı var ərinin namusunu kiminsə ayaqları altına atmağa, övladlarına ömürlük psixoloji travma yaşatmağa? Belə namus cinayətlərinə görə bizim cəmiyyətdə adam öldürürlər. Yəni bu rəzalət növbəti cinayətlərə, intiharlara, dövlət idarələrində və şirkətlərdə işləyən başqalarının şübhə altında qalmasına gətirib çıxara bilər. Ona görə də bu şəxslərin sərt cəzalandırılmasını tələb edirəm. Yəni əgər biz normal dövlətiksə, hələ də qanunlara tüpürməmişiksə, bu ölkədə qanun varsa, bu adamlar cəzalandırılmalıdır.
İkinci bir tərəfdən onları müdafiə edənlər açıq şəkildə özlərinin pozğun olduğunu, dövlətin idarəsini fahişəxanaya çevrilməsini dəstəkləmələrini ortaya qoyurlar. Bu adamlara cəmiyyət dərslərini verməlidir. Təəssüf ki, biz bunu görmürük və ya bir neçə nəfərdən başqa belə müdafiəbazlara sərt reaksiya yoxdur. Əgər cəmiyyət bu adamlara tüpürmürsə, onda biz mənəvi cəhətdən çürüyüb ölmüşük və bizim başımıza nə oyun desən açmaq olar.”
Həmidə Rasimqızı












