Unun və çörəyin qiyməti bahalaşacaq? – AÇIQLAMA

 16:52 18.08.2022     504

Rusiyanın Ukraynanı işğal etməsi səbəbindən Azərbaycana buğda idxalı azalıb. Azərbaycana taxıl əsasən Ukraynadan gətirildiyi üçün müharibə səbəbindən ölkədə un və un məmulatlarının qiymətində kəskin bahalaşmanın olacağı iddia edilir. Hətta sosial şəbəkələrdə və mətbuatda bəzi yerlərdə unun qiymətinin qaldığı deyilir. 

İddialara görə, mağazalarda bəzi hallarda çörək tapılmır. Hətta əldə etdiyimiz məlumata görə, bir sıra rayonlarda un kisəsinin qiymətini 8 manata qədər bahalaşdırıblar.

Məsələ ilə bağlı Redaktor.az-a danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov dedi ki, unun və çörəyin bahalaşma səbəbləri müxtəlifdir:

“Bu bizdən asılı bir məsələ deyil. Əgər təklif azalarsa, mütləq qiymət qalxar. Yəni qiymətin qalxmasına təsir edən amillərdən ən mühümü pandemiya dövründə kommunikasiyanın azalması, əkinçiliyin aşağı düşməsi və eləcə də bu ilki quraqlıqdır.

Ən əsas məsələlərdən biri isə qonşu ölkələrdə olan ciddi müharibələrdir. Dünya bazarına bu malların 30 faizini verən Ukrayna və Rusiya arasındakı münaqişə, Qazaxıstanın müəyyən limit qoyması kimi məsələlər buna təsir edir. Azərbaycan bazarı da dünya bazarına inteqrasiya olunub. Hərçənd ki, dünya bazarında malın qiyməti aşağı düşəndə Azərbaycanda düşmür. Yalnız qiymət qalxanda Azərbaycan bazarı çox tez reaksiya verir. Belə bir şəraitdə, əlbəttə, unun, buğdanın, çörəyin qiymətinin qalxması gözlənilir. Bu qiymət artımı çörəklərdə ola bilər, 5-10 qəpik arasında olsun. Bu sosial çörəklərdə olur. Digər çörəklərdə sərbəst olduğu üçün istənilən cür sata bilərlər. Yəqin ki onlarda daha çox qalxma olacaqdır”.

Ekspert Hüseynov onu da qeyd etdi ki, Azərbaycan istehlakçıları bilməlidilər ki, onlar dünyada ən çox çörək yeyən xalqdır:

“Ölkəmizdə çörək nə qədər müqəddəs hesab olunsa da, o qədər də israfçılıqla istifadə edilir. Yəni çörək kütləsi hər gün heyvan yemlərinə çevrilir və yaxud zibilliyə gedir. Ona görə də, Azərbaycan istehlakçıları bu məsələdə israfçılığa son qoymalıdır.

Vətəndaşlarımız dünyanın yeganə istehlakçısıdır ki, zərərli olsa da, isti çörək alıb quruyandan sonra atırlar. İnsanlarımız bu səhv vərdişlərdən uzaqlaşmalı və yeni bir istehlakçı davranışı nümayiş etdirməlidirlər. İsti təndir çörəkləri bağlanmalıdır. Çünki qeyd etdiyim kimi, onlar həm insana zərərlidir, həm də istehlakçıların isti çörək almasına, sonra tullantıya çevrilməsinə rəvac verən amillərdir”.

AİB sədri sonda onu da vurğuladı ki, mətbuatda və sosial şəbəkələrdə gedən məlumatlara əsaslanaraq çörək və un alıb evdə saxlamaq lazım deyil.

“Bizim verdiyimiz məlumatlardan ajiotaj olub çox un, buğda, çörək alıb saxlamaq lazım deyil. Çünki onlar sonra tullantıya çevriləcək. Ölkədə çörək, taxıl qıtlığı olmayacaq. Sadəcə olaraq qiymətlərdə azca bahalaşma olacaq. İstehlakçılar buna hazır olmalıdırlar və mümkün qədər çörək istehlakını elə qurmalıdırlar ki, onların büdcəsində öz mənfi izlərini qoymasın”,- deyə o, əlavə etdi.

Həmidə Rasimqızı

Vumart və Güvən reklamı Vumart Güvən