"Görünür ki, iş vaxtı hər şey qarşılıqlı razılaşma ilə olub" - FHN-dəki intim görüntülərlə bağlı hüquqşünas rəyi
“Ən ağır cinayətlə təqsirləndirilən şəxsin belə şəxsi həyatının toxunulmazlıq hüququ var, yəni kiminsə şəxsi həyatı barədə məlumatlar bir qayda olaraq onun razılığı olmadan toplanıla, araşdırıla bilməz. Yalnız qanunda göstərilən hallarda, yəni baş vermiş cinayətin açılması, yeni cinayətlərin qarşısının alınması, dövlət maraqları naminə, əməliyyat axtarış fəaliyyət haqqında qanunlara uyğun olaraq kəşfiyyat və əks kəşfiyyat fəaliyyətinə uyğun olaraq şəxs haqqında gizli məlumatlar toplanıla bilər”.
Bu sözləri FHN-nin əməkdaşlarının intim görüntülərinin yayılması barədə Redaktor.az-a açıqlama verən hüquqşunas Anar Ramazanov dedi. Onun sözlərinə görə, baş vermiş hadisə ilə bağlı məqsədi məlum olmayan video-görüntülər mövcuddur:

“Bu görüntülər onların şəxsi və intim həyatına aiddir. Əgər bu materiallar istintaq, təhqiqat və hansısa bir xidməti araşdırma məqsədilə edilmişdirsə, bununla bağlı məhkəmənin və aidiyyəti hüquq-mühafizə orqanının müvafiq qərarı vardırsa, onda bu video-yazıların yazılmasını qanuni saya bilərik. Yəni ortada bir cinayət olsa idi və cinayətin araşdırılması məqsədilə bu kimi video-yazılar gizli yazılsa idi, bunu qanuni hesab etmək olardı. Lakin işin mahiyyətinə baxanda biz ortada bir cinayətin və inzibati xətanın olmadığının şahidi oluruq. Əksinə burada məsələ belədir ki, faktiki olaraq bu şəxslər tərəfindən iş vaxtı öz əmək funksiyalarına, vəzifə təlimatlarına və qanunvericilikdə bu əməkdaşların vəzifələrinə aid olmayan, cəmiyyətində qəbul etmədiyi, hamının pislədiyi, etik və əxlaqi davranış qaydalarına zidd əməllər törədiblər”.
Hüquqşünas qeyd etdi ki, dövlət qurumunda nazirliyin əməkdaşları iş vaxtı etik davranış qaydalarını pozduqlarına görə intizam məsuliyyətinə cəlb oluna bilərlər:
“Görünür ki, iş vaxtı hər şey qarşılıqlı razılaşma ilə olub və həmin şəxslər inzibati intizam məsuliyyətinə cəlb oluna bilərlər. Çünki öz əmək funksiyalarını və etik davranış qaydalarını pozublar. Hər bir dövlət qulluqçusunun etik davranış qaydaları var. Bu şəxslər qanunvericilikdə göstərilən müəyyən ağır əsaslara, hallara görə əmək müqavilələrinə xitam verilə bilər, xidmətdən azad oluna və təbii ki, sərt şəkildə uzaqlaşdırıla bilərlər. Lakin yenə də hesab edirəm ki, bu şəxslərin etdiyi əməl həqiqətən pislənəsi və qınanılası əməldir. Amma hər bir kəsin şəxsi toxunulmazlıq, şəxsi həyatın məxfiliyi prinsipi var və ona uyğun olaraq bu cür kadrlar mətbuatda yayımlanmamalı idi. Başqa bir məsələ də var ki, bu kadrları kim yayıb, kim kütləvi informasiya vasitələrinə ötürüb, kim çəkib ən birinci buna baxmaq lazımdır. Mahiyyət etibarı ilə ortada bir cinayət və inzibati xəta yoxdur. Sadəcə olaraq iş vaxtında dövlət qulluqçularına yaraşmayan, belə deyim, əxlaqa, etik davranış qaydalarına zidd əməllərə yol verilib. Bu şəxslər təbii ki, hüquqa uyğun olaraq cəzalandırılmalıdır. Lakin onların barəsində bu kimi şəxsi məlumatların kütləvi şəkildə yayılmasını da hüquqi olaraq düzgün hesab etmirik. Və düşünürəm ki, bu şəxslər lap cinayət törətmiş olsalar belə, halbuki ortada bir cinayət yoxdur, onların hüququ var ki, özlərinə vurulmuş mənəvi zərərin tələb olunması ilə bağlı aidiyyəti şəxslərə və qurumlara iddia qaldırsınlar”.
Həmidə Rasimqızı












