"Elmlər Akademiyasının əməkdaşlarının sayı 65 faiz azalacaq" - Prezident əvəzi

 13:44 19.08.2022     788

"Hazırda institutların bir hissəsi Elm və Təhsil Nazirliyinə verildiyi üçün AMEA əməkdaşları təxminən 65 faizə qədər azalacaq. Amma bu, təxmini saydır. İki ay ərzində biz AMEA əməkdaşlarının say həddini və strukturu Nazirlər Kabinetinə təqdim edəcəyik".

Redaktor.az xəbər verir ki, bu barədə APA-ya müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov deyib.

O, bildirib ki, Nazirlər Kabinetinin təsdiq etdiyi ştat vahidləri üzrə Akademiyaya 11200 ştat vahidi ayrılıb:

"Bura həm Bakıdakı AMEA strukturu, eyni zamanda Naxçıvan, Gəncə bölmələri, Şəki və Lənkəran regional elmi mərkəzləri, Milli Ensiklopediya Mərkəzi və s. aid idi".

Akademik onu da vurğulayıb ki, AMEA-nın təbiət və texnika elmləri sahəsindəki elmi bölmələrinin tərkibinə daxil olan institutlar Elm və Təhsil Nazirliyinin tabeliliyinə verilsə belə, bölmələr öz fəaliyyətinə davam edəcək.

"Çünki burada elmi əlaqələndirmə, ekspertiza, yəni elmtutumlu fəaliyyətlər təmin edilməlidir. Eyni zamanda, hər bölmənin öz üzvləri var. Akademiklərdən, müxbir üzvlərdən ibarət olmaqla onlar mütəmadi olaraq öz yığıncaqlarını, şuralarını keçirəcəklər. O komissiyalarda da Azərbaycanın prioritet elmi istiqamətləri müzakirə ediləcək. Bu kimi məsələlərin həlli istiqamətində də təkliflərini verəcəklər",- A.Həşimov əlavə edib.

Vumart və Güvən reklamı Vumart Güvən