"Nə Rusiya hərbçilərinə, nə də digərlərinə etibar etməməliyik" - Elman Məmmədov

 17:08 22.08.2022     3460

Laçının Zabux kəndində illərdən bəri qanunsuz məskunlaşan ermənilər oranı tərk edərkən öz xain xislətlərini bir daha nümayiş etdirirlər. Onların bir çoxu yaşadıqları evlərə od vurub yandırıb.

"Buradan rahat getmək üçün hər şeyi yandırıram. Bütün bunlar türkə qalsa, o zaman rahat olmayacam”, - deyə Zabuxdan çıxan erməni video müraciətində bildirib.

Vandallıq erməninin genində olan xüsusiyyətdir. Qəribə olan isə 9 noyabr bəyannaməsinə əsasən, işğaldan azad olunan bu ərazilərdə yerləşdirilən rus sülhməramlıları onların bu vəhşiliyinə mane olmaq əvəzinə bütün bunlara göz yummasıdır.

Bəs, rus sülhməramlıları nə üçün vəzifə borclarını yerinə yetirmir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan millət vəkili Elman Məmmədov bildirdi ki, Laçında ermənilərin özlərinə uyğun davranışlarına rusların susması bu gün hər kəsi narahat edən məsələdir.

“Sülhməramlılar Azərbaycana gəldikləri andan bu günə qədər 10 noyabr 2020-ci il üçtərəfli razılaşmada onlara aid olan öhdəliyin hansını yerinə yetiriblər ki? Heç birini! Onlar həmin sənəddə özlərinə aid olan missiyanın icra olunması əvəzinə, 1991-ci ilin sentyabrından Xankəndində kök salmış separatçılarla, cinayətkarlarla, Azərbaycan ərazisində hələ bu gün də qalmağa davam edən Ermənistan dövlətinə məxsus qeyri-qanuni silahlı birləşmələrlə əməkdaşlıq etməyə başladılar. Onların silah-sursatdan tutmuş yanacaq, ərzaq, bütün təminatları ilə məşğul olmağa başladılar, şərait yaratdılar.

Rus sülhməramlıları 44 günlük Vətən müharibəsində qaçıb getmiş erməniləri Ermənistandan, oradan-buradan yığıb gətirib yenidən Azərbaycan ərazisində məskunlaşdırmaqla məşğul oldu. Bu separatçılara, cinayətkarlara məktəblər, xəstəxanalar, uşaq bağçaları, evlər və daha nələr-nələr tikdilər. Buna görə də, bu hadisələrə təəccüb etməli deyilik. Bir daha deyirəm ki, Kəlbəcər talanları, yanğınları, 10 gün ərzində Kəlbəcərin yandırılıb viran qoyulub sonra da ermənilər tərəfindən minalanması da onların gözünün qarşısında olub. Niyə onda qarşısını almırdılar? İndi biz gözləməli deyildik ki, ermənilər Laçından rədd olub gedəndə onlar bu mərəzlərindən əl çəkəcəklər. Guya sülhməramlılar onlara mane olacaqdı? Qətiyyən. Əksinə buna şərait yaradacaqdı”,- deputat dedi.

Təzəlikcə işğaldan azad edilən Sarıbaba yüksəkliyi ətrafında çoxlu minaların aşkar edilməsini vurğulayan Elman Məmmədov qeyd etdi ki, bu minaların istehsal ili 2020, istehsal yeri isə Ermənistandır.  

“Biz Sarıbaba dağını həmin düşmənlərdən azad etdikdən sonra kiçik bir ərazidə ermənilər tərəfindən basdırılan 900-dən çox mina aşkarlandı. O minaların üstündə istehsal olunma tarixi və yeri yazılıb: 2020-ci il, Ermənistan Respublikası. Demək ki, bu minalanma prosesi həmin sülhməramlıların gözü qarşısında, onların iştirakı ilə baş verib. Axı Laçın dəhlizinə sülhməramlılar nəzarət edir. 900 minanı ermənilər bunların xəbəri olmadan necə daşıyıb gətirib orda düzə bilərdilər? Belə suallar çoxdur. Buna görə də biz ərazilərimizin düşməndən qalan tör-töküntülərindən təmizləmək üçün tədbirlər görəndə də nə Rusiya hərbi kontingentinə, nə də digərlərinə etibar etməməliyik. Öz işimizi özümüz görməliyik. Cənab Ərdoğanın tez-tez bir ifadə işlədir. Deyir, “biz öz göbəyimizi özümüz kəsirik”. Yəni biz də bu cür hərəkət etməliyik.

Ermənilər oradan çıxmağa başlamadan öncə Azərbaycanın hərbi kontingenti Laçın rayonu ərazisinə girməli, orada yerləşməli idi ki, bu talanlara, viranlara yol verilməsin. Artıq gecdir. Ermənilər günü-gündən azğınlaşır, bildiklərini də edirlər. Rus hərbi kontingenti də onların qarşısını almır. Özümüz etməliyik”.

Ermənilərinin köçürülməsi prosesində azərbaycanlı hüquq-mühafizə əməkdaşlarının iştirak etməsi təklifinə də münasibət bildirən millət vəkili əlavə etdi ki, bunu hər bir azərbaycanlı arzulayır:

“Üçtərəfli bəyannamədə bəzi qərəzli müddəalar nəzərdə tutulur ki, həmin ərazilərdə ermənilər rədd olub gedənə qədər müvəqqəti nəzarət Rusiya hərbi kontingentindədir. Bu mane olur ki, müvafiq hüquq-mühafizə orqanlarımız ermənilərin oradan çıxarılmasında  iştirak etsin. Amma hərbiçilərimiz artıq  müəyyən ərazilərə diqqəti ələ keçirib, bəzi istiqamətlərdə vəziyyətə nəzarət edirlər. Tam dəqiq deyə bilmərəm, amma belə məlumatlar var”.

Nərmin Vüqarqızı

Vumart və Güvən reklamı Vumart Güvən