“De Media”nın 4 yaşına dost TƏBRİKi!
Bu gün “De Media” “You Tube” kanalının 4 yaşı tamam olur.
İlk videosu 2018-ci ilin bu günündə yayımlanan kanalın bu 4 ildə bütün inkişafı gözümüzün önündədir. Bahadur Seyidov gənc olmasına baxmayaraq qarşısındakı aşkar çətinlikləri görsə də çəkinmədən öz arzusunun arxasınca getdi. Hazırda ölkəmizin ən ünlü “yutuber”lərindən sayılan Bahadur Seyidov həmin günü belə xatırlayır:
“Düz 4 il öncə. Napoleon Hillin "Düşün və varlan" kitabını oxuyub qaza gəldiyim vaxtlar idi.
2018-ci il, avqust ayı, məzuniyyətdəydim. Metbuat.az saytında baş redaktor işləyirdim. Sayt Azərbaycanda kifayət qədər məhşur idi. Təsisçilər və əməkdaşlar mənim orda qalmağımın tərəfdarı idilər. ATV dən yeni iş təklifi gəlmişdi. Kifayət qədər perspektivləri vardı. Bir dövlət qrumundan isə mətbuat xidmətinin rəhbəri vəzifəsi təklifi vardı (yaman pullu yerdi)
Mən isə oxuduğum yüzə yaxın motivasiya və iqtisadi kitabların təsirində idim.
"Karyeranın ən zirvəsi öz işini qurmaqdır" deyirdi altşüur.
Amma necə?
Arxamda daydayım, dədəmin pulu yox idi.
Qobustanın ən şəraitsiz kəndindən çıxıb zorla aşağı Güzdəkdə bir ev tikdirmişdim. Təkcə bir otağı təmirli idi.
Yolum şəhərdən uzaq olduğu üçün aldığım 96 - cı ilin Golfunun qiyməti isə cəmi 4500 manat idi.
Borc ala biləcəyim biri də yox idi. Əslində, bəlkə olardı, amma borcum olanda tikan üstə otururam sanki. Rahat ola bilmirəm. Düşündüm, yeganə istinad nöqtəm “Demədi Demə” Youtube kanalı oldu.
Ayda cəmi 400 dollar verirdi. 700 manata nə etmək olardı axı?
Amma beynimin bir guşəsində artıq geriyə dönməz bir istək yaranmışdı.
Mən media şirkəti qurmalıydım. İstaqamət isə pul gətirən Şou sahəsi yox, maarifləndirici kontenetlər olmalı idi. İlk baxışdan su üstündə qaçışa oxşayırdı.
Bir neçə gün sonra padval kimi bir yerdə 250 manata 15 kvadratlıq bir ofis tutdum. Nə maşınımda, nə də ofisimdə kondisaner yox idi. Ofisdə ağcaqanad məni deşik-deşik edirdi. Ofisi kiraləyib bir iki gün orda işlədim. İstidən işləmək mümkün deyildi. Ofisin sahibi kondisaner almağa razı deyildi.
Yadımdadı, Nicat Sadiqli əlində bir qutu şokolad ofis gördüyə gəlmişdi. Orda onun qızıl kimi sözlərini hələ də xatırlayıram. "Biz belə cəsarətli davrana bilmədik. Sən ən düzünü edirsən” dedi. Motivasiyam daha da artdı.
Tədirgin idim. Amma içimdə qəribə bir inam vardı. "Sən başla davamı gələcək" deyirdi bir səs.
Həmin vaxt Youtube gəlirlərinə baxmağa 2-3 gün vaxtım olmamışdı. Başım ofisi səliqəyə salmağa, kompüter kreditinə qarışmışdı. Üç gün sonra Youtube baxanda nə görsəm yaxşıdır? Vidolarımın biri Hindistanda Trendə düşüb.
Axı bu necə ola bilər? Azərbaycan dilində, telefonla çəkilmiş, qeyri-peşəkar montaj edilmiş və özümə yaraşdırmadığım üçün silmək istədiyim bir dəqiqəlik video”.
Beləcə, ilk uğurundan güc alan həmkarımız hər gün bri uğur əldə-edə Azərbaycan mediyasında tanındı və audiovisual sahədə öz yerini tutub, orda möhkəmləndi.
Hazırda Bahadur Seyidovun qurduğu şirkətin “Demedia.az” xəbər portalı və onlarla sosial şəbəkə hesabları var.
Bununla yanaşı “Youtube”də “Demədi Demə” (700 000 abunə), “Bir Bax” (450 000), “Peasant” (155 000)
“Sweat Grandma” (40 000), “Peşəkar Həkimlər” (30 000), “Sağlam Qadın” (35 000), “Demedia xəbər” (14 000) kimi səhifələr və 20 həkim kanalının idarə olunması- bütün bunlar 4 ildəki müvəfəqiyyətin bir hissəsidir.
Heç bir yerdən qrant almasa da “De Media” öz mövqeyini möhkəm sütunlar üzərində qurduğu üçün bundan sonra uzun illər də bizi sevindirəcək işlər görəcək.
Bahadur Seyidovun ən böyük arzusu “De Media”nı ölkənin ən böyük 5 media qrumundan biri kimi görməkdir. Ötən 4 il göstərdi ki, bu artıq arzu deyil zərurətə çevrilib.
O inandığı qədər biz də inanırıq.
Təbriklər dost “De Media”!












