“Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” yekunlaşmaqdadır

 14:56 06.09.2022     145

Azərbaycan höküməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” yekunlaşmaq üzrədir.

Bu barədə Redaktor.az-a "Azərsu" ASC-dən bildirilib.

Məlumata görə, qurumda JICA nümayəndə heyəti ilə keçirilən görüşdə layihənin icra vəziyyəti və görülmüş işlər ətraflı müzakirıə olunub. Səhmdar cəmiyyətinin sədr müavini müavini Etibar Məmmədov Azərbaycanda həyata keçirilən infrastruktur layihələrində Yaponiya hökumətinin və şirkətlərinin yaxından iştirak etdiyini bildirib, içməli və tullantı su sistemlərinin yenidən qurulması layihələrinin icrasında JICA-nın rolunu yüksək qiymətləndirib.

Agentliyin Şərqi və Mərkəzi Asiya, Qafqaz departamentinin direktor müavini Tanabe Hideki “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi”nin uğurla həyata keçirildiyini, əhalinin sosial rifahının və məişət şəraitinin yaxşılaşdırılmasına töhfə verdiyini diqqətə çatdırıb.

Görüşdə içməli su təchizatı və tullantı su sektorunda gələcək əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.

“Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində Qusar, Xaçmaz, Xızı, Qobustan, Naftalan şəhərlərində içməli və tullantı su şəbəkələri yenidən qurularaq istismara verilib. Naftalan şəhərində tullantı sutəmizləyici qurğunun tikintisi yekunlaşıb və qurğu istismara verilib. Xızı şəhərindəki qurğu sınaq rejimində işləyir, Xaçmaz və Qobustan şəhərləri, Altıağac qəsəbəsindəki qurğuların tikintisi üzrə son tamamlama işləri aparılır.

22