BDU ilə Özbəkistan universitetləri arasında əlaqələrin genişləndirilməsi müzakirə olunub - FOTO

 15:16 06.09.2022     151

Özbəkistanda səfərdə olan Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət edib, Mərkəzin direktoru Samir Abbasovla görüş keçirib.

İlk öncə Mədəniyyət Mərkəzindəki Heydər Əliyevin büstü, Şəhidlər abidə kompleksi üzərinə gül-çiçəklər qoyulub.  

Redaktor.az xəbər verir ki, rektor Elçin Babayev Azərbaycanın təbliği ilə bağlı Azərbaycan Mədəniyyət Mərkəzində yaradılan muzeylər, sərgi və stendlərlə tanış olub.

Direktor Samir Abbasov Mərkəzin fəaliyyəti, onun iki ölkə arasında mədəniyyət, turizm, təhsil, elm, mətbuat sahəsində əməkdaşlığın inkişafında həyata keçirdiyi işlər barədə məlumat verib. O, milli mədəniyyətimizin, Azərbaycan tarixinin, ədəbiyyatının tanıdılması və təbliği məqsədi ilə muzeylərdə yaradılan guşələr, Özbək dilinə tərcümə olunaraq nəşr edilən kitablar haqqında rektoru məlumatlandırıb.

Diplomat  Nizami ili çərçivəsində Mərkəzin layihəsi ilə ilk dəfə olaraq Özbək dilinə tərcümə edilən  dahi Nizami Gəncəvinin «Xəmsə»sini rektora hədiyyə edib.

Daha sonra tərəflər arasında Bakı Dövlət Universiteti ilə Özbəkistan Universitetləri arasında əlaqələrin daha da genişləndirilməsi müzakirə olunub. Bakı Dövlət Universitetinin Özbəkistanın bir sıra universitetləri, elmi müəssisələri ilə əməkdaşlıq əlaqələri yaratdığını bildirən rektor Elçin Babayev qardaş ölkə ilə münasibətlərin inkişafında xüsusi ilə maraqlı olduqlarını vurğulayıb.

Azərbaycan Mədəniyyət Mərkəzi Bakı Dövlət Universiteti ilə Özbəkistan Universitetləri, xüsusi ilə Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universiteti arasında əməkdaşlığın genişləndirilməsi, gələcəkdə sözügedən Universitetlərin bazasında Azərbaycan dili və ədəbiyyatı fakültəsinin yaradılması təklifi ilə çıxış edib.

Rektor Elçin Babayev bu sahədə təşəbbüsləri dəstəkləməyə hazır olduqlarını qeyd edərək Özbəkistan Universitetləri ilə əməkdaşlıq, ikili, üçlü diplomların verilməsi, birgə layihələrin həyata keçirilməsi, mübadilə proqramlarının reallaşdırılması sahəsində aparılan işlər və gələcək planlar barədə fikirlərini bölüşüb.

Görüşdə gələcəkdə əməkdaşlığın daha da inkişaf etdirilməsi və birgə layihələrə dair fikir mübadiləsi aparılıb.

Sonda rektor Elçin Babayev Bakı Dövlət Universitetinin layihəsi ilə reallaşdırılan iki cildlik Azərbaycan tarixi (müstəqillik dövrü) kitabını Azərbaycan Mədəniyyət Mərkəzinə hədiyyə edib.

2222