Prezident Şərqi Zəngəzurla bağlı yeni fərman İMZALADI

 15:57 06.09.2022     321

Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti işğaldan azad edilmiş daha iki rayonda əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisinin təşkili, bu qaydada tikilmiş çoxmənzilli binaların idarə edilməsi, habelə müvafiq ərazidə abadlaşdırma, yaşıllaşdırma və mənzil-kommunal təsərrüfatı sahələrində fəaliyyət göstərəcək.

Redaktor.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” Fərmanında dəyişiklik edilməsi barədə Fərmanda öz əksini tapıb.

Sənədə əsasən, Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisinin təşkili, bu qaydada tikilmiş çoxmənzilli binaların idarə edilməsi, habelə müvafiq ərazidə abadlaşdırma, yaşıllaşdırma və mənzil-kommunal təsərrüfatı sahələrində fəaliyyət göstərəcək.

Bundan əvvəl Xidmətin fəaliyyəti yalnız Zəngilan rayonunu əhatə edirdi.