"Heç kimə deyə bilmərik ki, şəxsi avtomobilində küçəyə çıxma" - DYP rəsmisi

Sosial bəlaya çevrilən tıxaclar bu gün hər birimizi narahat edən məsələdir.
Yeni tədris ilinin başlanması, məzuniyyət dönəminin başa çatması nəticəsində Bakıda hərəkət sıxlığının artmasına artıq alışmışıq.
Bəs, yay mövsümünün bitməsi ilə artacaq tıxacların qarşısının alınması üçün dövlət qurumları hansı tədbirləri görür?
Hərəkət sıxlığının artma səbəbləri ilə bağlı Redaktor.az-a danışan Dövlət Yol Polis İdarəsinin (DYPİ) baş inspektoru, polis mayoru Araz Əsgərli bildirdi ki, son 10 il ərzində, xüsusilə də, paytaxt ərazisində məskunlaşma kifayət qədər artıb, həmçinin avtomobilləşmə çoxalıb.
“Respublika ərazisində 1 milyon 700 minə yaxın avtomobil parkımız var. Onun 70%-i paytaxtda idarə olunur. Əlavə olaraq, gündəlik regionlardan paytaxta şəxsi məqsədlərlə səfər edən insanların da sayını nəzərə alsaq, bu kifayət qədər ciddi göstəricidir. Bakı şəhəri ərazisində yay mövsümünün bitməsi, iş sezonun açılması, yeni tədris ilinin başlaması sıxlıqları qaçılmaz edəcək.
Polis bəs bunun üçün nə edə bilər? Bu cür sualları, adətən, polisə ünvanlayırlar, amma bu sualı polisə ünvanlamaq bir qədər sadəlövhlükdür. Buna görə ki, polisin işi mövcud infrastrukturda xidməti təşkil etməkdir. Biz də xidmətimizi gücləndirilmiş formada, xüsusi plan üzrə təşkil edəcəyik. Amma heç kimə də deyə bilmərik ki, şəxsi avtomobiliniz ilə küçəyə çıxmayın. Ən yaxşı halda tövsiyə edə bilərik və insanları qaydalara riayət etmək üçün mütəmadi olaraq bilgiləndirə bilərik”,- qurum rəsmisi dedi.
Polis mayoru onu da əlavə etdi ki, təmsil etdiyi qurum infrastruktur layihələr həyata keçirmək üçün müəyyən təkliflər verib:
“Yəqin ki, müəyyən sıxlıqların qarşısını almaq üçün aidiyyəti dövlət orqanları da planlı şəkildə nələrisə etməlidirlər. Bunun üçün də öz tərəfimizdən müəyyən təklifləri vermişik. Biz isə həmişəki kimi gücləndirilmiş qaydada işə başlayacağıq. Əlavə tədbirlər planları hazırlamaqla, xüsusilə dərs ilinin ilk günündə və sonrakı dövrlərdə də bu istiqamətdə öz işimizi görəcəyik.
Əhalidən istəyimiz odur ki, yol hərəkəti qaydalarına olan baxış tərzlərini dəyişsinlər. Daha ciddi və məsuliyyətli olsunlar. Hər kəs öz məsuliyyətini düzgün qiymətləndirməlidir. Yersiz və ehtiyac olmadığı halda avtomobillərdən istifadə etmək, eqoistlik nümayiş etdirmək, mənim işim həll olsun, qalanları yolda qalsa da olar prinsiplərindən qurtula bilsək, ətrafdakı insanlara qarşı məsuliyyətlə rəftar etsək, sıxlıqların əhəmiyyətli dərəcədə azalmasına şahid olacağıq”.
Nərmin VÜQARQIZI