“Gərək qanunlarımız da amansız olsun...” - Razi Nurullayev

 20:55 07.09.2022     507

“Bir insan, bir ata, bir deputat kimi bu məsələyə münasibətim çox sərtdir. Ümumiyyətlə, bu tip məsələləri oxuyub eşidəndə tüklərim biz-biz durur”.

Redaktor.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Razi Nurullayev Azərbaycanda 13 yaşlı qızın təcavüzə məruz qalması nəticəsində ana olması ilə bağlı danışarkən deyib. O bildirib ki, əgər deputat, dövlət adamı, partiya sədri yox, sadə bir vətəndaş olsaydı, bu cür cür hallara qarşı sərt cəza tədbirləri tələb edərdi:

“Hətta deyərdim ki, bu cür məsələləri edənlərin bəlkə də yaşamaq haqqı yoxdur. Amma bizdə bu gün ölüm hökmü yoxdur. Təklif edərdim ki, bəlkə ölüm hökmünü bərpa edək ki, bir neçə nəfərin gözünü qorxudaq. Çünki bu cür insanların bu yaşda həyatının məhv edilməsi onların ödürülməsi anlamına gəlir. Ya tısbağanı arxası üstə çevir, ya da öldür eyni şeydir.

Azərbaycan müsəlman cəmiyyətdir. Müsəlman ölkəsində qız uşaqlarının başına açılan bu oyundan sonra onu valideyn də, cəmiyyət də qəbul etmək istəmir. Heç kim belə şəxsləri ailəsində görmək istəmir. Bu insan öldü, məhv oldu. O qız uşağının bundan sonrakı həyatı cəhənnəm əzabı olacaq, həyatının sonuna qədər o ləkə ilə pis bir vəziyyətdə yaşayacaq. Ona görə də bu cür cinayətlərə qarşı daha amansız olmalıyıq. Mənə belə gəlir ki, cəmiyyətimiz ümumilikdə amansızdır. Gərək qanunlarımız da amansız olsun.

Əslinə qalsa, qanunlarımız da onlar üçün xoş heç nə vəd etmir. Bu cür insanları həbsxanada çox pis bir həyat gözləyir. Amma yenə də bilmirəm hansı addımlar atmalı, nə etməliyik ki, bu cür hadisələr baş verməsin. Cəmiyyətimiz, xalqımız buna qarşı çox sərtdir. Bu cür cinayətləri törədənləri insanlarımızın əlinə versən və orada hüquq-mühafizə orqanının işçisi olmasa, o insanı parça-parça edərlər. Hər halda hüquq-mühafizə orqanları o insanların cəzasını verəcək”.

Deputat həmçinin söyləyib ki, təcavüzə məruz qalmış uşağı da düşünmək lazımdır:

“Bizdə sığınacaqlar var. Təcavüzə, zorakılığa məruz qalmış şəxslərə ciddi köməklik edirlər. Amma, onların imkanları zəifdir. Parlamentdə də bir neçə dəfə bu məsələni qaldırmışam ki, onlara ciddi dövlət dəstəyi göstərmək lazımdır. Həm də düşünürəm ki, bu məsələlərlə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə daha çox hüquq veriməlidir. Bu komitənin resursları artırılmalı, daha böyük səlahiyyətlərlə bərabər həm də maliyyə resursları təmin edilməlidir. Onların ştatları artırılmalı, rayonlarda bu quruma daha böyük imkanlar yaradılmalıdır ki, zamanında bu cür məsələləri öyrənsinlər. Hesab edirəm ki, bu məsələlərə daha ciddi yanaşılmalı, dövlət səviyyəsində həll olunmalıdır”.

Millət vəkili təcavüzə məruz qalan, qaçırılan, erkən nikaha cəlb edilən uşaqların valideynlərinin də məsuliyyətə cəlb edilməsini təklif edir:

“Çox təəssüf ki, ailələr də bu cür hallarda öz övladlarını qəbul etmir və yaxud da özləri buna şərait yaradır. Azyaşlı uşağını ərə verən valideyn elə bil ki, onu kiməsə verir ki, al gözümün qabağında zorla. Bu cür valideyinləri başa düşə bilmirəm və düşmək də istəmirəm. Hətta mən onlara valideyn deyə bilmirəm. Qız uşağının vaxtından əvvəl başından etmək üçün ərə verən valideyinlərə “ata-ana” deyə bilmərəm. Hesab edirəm ki, onlar valideyn deyil, özləri zorakılığa imkan yaradan məxluqdurlar.

Məsələn, mənim üçün o azyaşlını ərə verən, onun həyatını puç edən valideynin də cəzası elə onu törədən insan qədərdir. Azyaşlının ərə verilməsi, zorlama halı kimi qiymətləndirilir. Buna görə də qanunlara daha sərt müddəalar əlavə etməliyik. Fikrimcə, qanuna azyaşlını ərə verən valideynlərin də hüquqi məsuliyətə cəlb olunası ilə bağlı da maddə əlavə olunmalıdır. Bununla bağlı Milli Məclisdə də təkliflə çıxış etmək istəyirəm. Müxtəlif ekspertlərlə də məsləhələşmək lazımdır ki, nələr edə bilərik. Övladından imtina edən, onları erkən nikaha cəlb edən valideynlərlə bağlı mütləq şəkildə ciddi tədbir görülməlidir” (olke.az).