Onların məqsədi uşaqları sağlamlığa qovuşdurmaq yox, pul qazanmaqdır

"Mehnur" reabilitasiya mərkəzində fiziki qüsurlu uşağa qarşı törədilən zorakılıq qəbulolunmazdır. Dilsiz-ağızsız uşağa qarşı bu davranış Allahsızlıqdır. Hüquq mühafizə orqanları bunu törədənlərə nə cəza verəcək, bu öz yerində. Düşünürəm ki, ən böyük cəzanı Allah verəcək. Çünki Allah məsum uşağa qarşı bu vəhşiliyi heç vaxt bağışlamaz.
Mənim oğlum Tunar autizm sindromlu uşaq olduğu üçün problem bizə daha yaxındır. Onu deyim ki, oğlum Tunar da bir neçə il öncə belə zorakılıqla üzləşib. Ölkədə fiziki qüsurlu uşaqların sayı artdığı üçün bunu fürsət bilən işbazlar tərəfindən uşaq psixoloji inkişaf, reabilitasiya mərkəzləri yaradılıb. Son illərdə belə mərkəzlərin sayı göbələk kimi artıb, şəhərdə addımbaşı belə mərkəzlərə rast gəlmək olur. Mən də daxil olmaqla, bütün valideynlər övladlarının sağlamlığında irəliləyiş olması üçün həmin mərkəzlərə ümid kimi baxırıq, bəlkə filan mərkəzdə uşağım üçün yaxşı nəsə olar, deyərək həmin mərkəzlərə aparırıq. Amma bir neçə ay sonra heç bir nəticə görmədikdə birindən çıxarıb o birinə aparırıq. Beləcə davam edirik... Həmin mərkəzlərin əksəriyyətinin məqsədi isə uşaqları sağlamlığa qovuşdurmaq yox, pul qazanmaqdır.
Zorakılığa gəlincə, bir neçə il öncə oğlum Tunar da psixoloq və loqoped tərəfindən zorakılığa məruz qalıb. Bir mərkəzdə psixoloq onun qulağını dartmaqdan qıpqırmızı etmişdi. Tunarın nitqi qüsurlu olsa da, fikrini bizə çatdıra bilmişdi. Əlini qançır olmuş qulağına apararaq "qulaq, qulaq" deyib ağlayırdı. Amma kamera çəkilişi olmadığı üçün həmin psixoloq heç nəyi boynuna almadı. Digər mərkəzdə isə loqoped Tunarın gözünün altını qaraltmışdı, uşaq yıxılıb başı şişmişdi. Kamera çəkilişi olmasa da, uşaq davranışı ilə bizi başa sala bilirdi. Həmin loqopedi görəndə ağlayırdı. Kamera çəkilişi olmadığı üçün loqoped də heç nəyi boynuna almadı. Həm psixoloqu, həm də loqopedi Allaha tapşırıb uşağı həmin mərkəzlərdən çıxardıq. Şükür ki, indiki mərkəzdə belə hallar yoxdur.
Deməyim odur ki, uşaqlara qarşı belə zorakı hallar başqa yerlərdə də var. "Mehnur"da kameraya çəkib paylaşan olmasaydı, heç kimin bu zorakılıqdan xəbəri olmayacaqdı. Ona görə də, valideynlər tələb etməlidir ki, kamera vasitəsilə uşaqların reabilitasiya prosesini izləyə bilsinlər. Digər tərəfdən, bu məsələdə qayda-qanun yaratmaq lazımdır. İmkan verilməməlidir ki, hər kəs belə mərkəzlər yarada bilsinlər. Birdə ki, cəmiyyətdə sağlamlıq imkanları məhdud uşaqlara münasibət dəyişməlidir.
Nardar Bayramlı,
jurnalist