"10 min çox da böyük rəqəm deyil" - YAP-çı deputat yeni qanun layihəsindən danışdı

“Siyasi münasibətlərimizin hazırki inkişaf mərhələsində "Siyasi partiyalar haqqında" yeni qanunun qəbul olunması bir şərt kimi ortaya çıxıb. Azərbaycanda da siyasi partiyalar böyük bir təşəbbüslə çıxış edərək öz təklif və fikirlərini Azərbaycan Respublikasının Milli Məclisinə təqdim etdilər. Buna dərhal müsbət reaksiya verildi. Bütün partiyalara müraciət ünvanlandı ki, yeni qanun layihəsinin yaradılması prosesində iştirak etsinlər. Beləliklə, artıq 39 siyasi partiya müraciət edib və təkliflərini irəli sürüb. Nəticədə ümumiləşmiş bir layihə ortaya çıxıb”.
Bunu Redaktor.az-a Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü Hikmət Babaoğlu "Siyasi partiyalar haqqında" yeni hazırlanan qanun layihəsinin ilkin versiyasını şərh edərkən bildirdi. Deputatın sözlərinə görə, yeni qanun layihəsi hazırlanarkən Azərbaycan Respublikasının Konstitusiyası ilə yanaşı xarici ölkələrin də təcrübəsindən istifadə edilib.
“Layihənin hazırlanmasında Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq bəndlərinin tələbləri nəzərə alınıb. Eyni zamanda 20-dən çox ölkənin bu sahədə olan uyğun qanunu müqayisəli təhlilə cəlb edilib. Şübhəsiz ki, siyasi proseslərdə iştirakçılıq və kütləvilik siyasi partiyaların əsas funksiyalarından biridir.
Azərbaycanın əhalisi 10 milyondan çoxdur və bu halda siyasi təmsilçilik hüququ baxımından bir siyasi partiyanın 10 min üzvünün olması düşünürəm ki, o qədər də böyük rəqəm deyil. Çünki partiya özlüyündə siyasi proseslərdə ciddi iştirakçı olmaq istəyirsə, onun fəaliyyətinin də kütləviliyi olmalıdır. Buna görə də, 10 min çox da böyük rəqəm deyil. Bu qanunun mətni artıq Milli Məclisin saytında dərc edilib. Bu qanun layihəsinə siyasi partiyalarla yanaşı, digər hüquq və azadlıqlar üzərinə ixtisaslaşmış vətəndaş cəmiyyəti institutları da qoşulacaq və nəticə olaraq siyasi partiyaların bundan sonrakı fəaliyyətini tənzimləyən yaxşı bir qanun qəbul edə biləcəyik”, - deyə Hikmət Babaoğlu bildirdi.
Nərmin VÜQARQIZI