Bakıda avtobusların gecikmə səbəbi - Gediş haqqını qaldırmaq istəyirlər?

Son günlər Bakıda şəhərdaxili avtobusların hərəkətində gecikmələr müşahidə olunur. Xüsusilə bu problem əhalinin ictimai nəqliyyatdan ən sıx istifadə etdiyi pik saatlarda daha çox rast gəlinir. Maraqlıdır ki, adətən axşam saatlarında tıxaclara görə gecikmələr olurdusa, indi səhər saatlarında avtobusların bəzən yarım saata qədər gecikdiyi müşahidə edilir. Məsələn, Lökbətandan şəhərin mərkəzinə hərəkət edən 125 saylı avtobus 30 dəqiqədən bir gəlir.
Sosial şəbəkələrdə yazılanlara görə, son günlər avtobusların gec gəlməsinə səbəb dövlətə məxsus "BakuBus" da daxil olmaqla bəzi sərnişindaşıma şirkətlərinin xəttə az avtobus buraxmasıdır. Bildirilir ki, onlar bununla gediş haqqının qaldırılmasına nail olmaq istəyirlər.
Yaranmış problem və səslənən iddialarla bağlı Redaktor.az-ın suallarını cavablandıran Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev dedi ki, sərnişin avtobuslarının gecikməsinin əsas səbəbi onların pik saatlarda nəqliyyat sıxlığı ilə üzləşməsidir.
“Səhər və axşam pik saatlarda müntəzəm marşrut xətləri üzrə avtobuslararası intervallarda gecikmələri yaradan başlıca səbəb yollardakı nəqliyyat sıxlıqlarıdır. Təkcə Heydər Əliyev prospektində şəhər istiqamətində kənar yolda axşam pik saatlarında müşahidə aparsanız bunun şahidi olacaqsız. Eləcə də M.Useynov prospektində bunu görmək mümkündür”,- deyə qurum sözçüsü bildirdi.
M. Ağayev onu da əlavə etdi ki, yaşanan gecikmələrin səbəbinin avtobusların sayı ilə əlaqəli deyil:
“İntervallarda müşahidə olunan ləngimələrin gündəlik xəttə çıxan avtobusların sayı ilə bağlılığı yoxdur. Çünki gündəlik olaraq müntəzəm marşrut xətləri üzrə daşımalara daşıyıcılar tərəfindən tələbata uyğun olaraq avtobus çıxarılır. Bəli, yay mövsümündə tələbat aşağı olur və buna görə avtobusların sayı da azaldılır. Amma artıq bildiyiniz kimi tədris ili başlayır, tələbat artır və avtobus sayı da artırılır. Bununla bağlı ötən həftə daşıyıcı şirkətlərə tapşırıq da verilib”.
Avtobuslarda gediş haqqının artırılacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirən xidmət rəhbəri qeyd etdi k, qiymətlərin dəyişməsi BNA-nın səlahiyyətində deyil:
“Bu, əsası olmayan bir fikirdir. Avtobusların normal fəaliyyəti, maneəsiz hərəkəti üçün zəruri olan məqam şəhərimizdə avtobus zolaqlarının olmasıdır. Tariflərlə bağlı isə bildirim ki, BNA tarif tənzimləməsi aparan qurum deyil və tariflərlə bağlı məsələ BNA-da müzakirə olunmur”.
Nərmin VÜQARQIZI