“Azəriqaz”ın baş direktoru nəzarətçi-çilingərlərə təşəkkür etdi - FOTO

 19:21 08.09.2022     216

"Sizi xüsusi qiymətləndiririk ki, digər nəzarətçi-çilingərlərə örnək olasınız. Bu gün burada olan əməkdaşlarımız SOCAR "Azəriqaz” İstehsalat Birliyinin seçilən, nümunəvi işçiləridir. İşini layiqli şəkildə icra edən hər bir əməkdaşa SOCAR rəhbərliyi xüsusi diqqət göstərir.”

Redaktor.az xəbər verir ki, bu sözləri SOCAR "Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Ağsu Regional qaz istismarı İdarəsinin xidmət sahələrində çalışan Birlik əməkdaşları ilə keçirilən görüş zamanı bildirib.

Baş direktor əməkdaşların iş şəraiti ilə yaxından maraqlanıb. Nəzarətçi-çilingərlərə onları narahat edən problemlərini səsləndirmələri üçün şərait yaradılıb.

Baş direktor nəzarətçi-çilingərlərin iş fəaliyyətini yüksək qiymətləndirərək, onlara təşəkkür edib.

Daha sonra Ruslan Əliyev SOCAR “Azəriqaz” İB-də faydalı işinə, nümunəvi əmək fəaliyyətinə görə Birliyin 14 əməkdaşını Fəxri Fərman və hədiyyə ilə mükafatlandırıb.