Rasim Məmmədov Əvəz Zeynallının onu şantaj etdiyini açıqladı - "Gəlib oturub qonşuluqda, ağlı başına gələr"

 14:07 12.09.2022     597

Hazırda həbsdə olan və məhkəməsi davam edən iş adamı Rasim Məmmədov “Xural” internet televiziyasının rəhbəri Əvəz Zeynallının onu və ailəsini şantaj etdiyini açıqlayıb.

Redaktor.az "apa"ya istinadla xəbər verir ki, Rasim Məmmədov Əvəz Zeynallının neçə illər ərzində onu və ailəsini dəfələrlə hədələdiyini, şantaj etdiyini deyib:

"Əvəz jurnalist deyil, cinayətkardır. Neçə illərdir, məni və ailəmi şantaj edərək, pul tələb edir. İndi şükür Allaha, gəlib oturub qonşuluqda, ağlı başına gələr. Mən onunla bağlı rəsmi qaydada şikayət irəli sürürəm”.

Dövlət ittihamçısı Rasim Məmmədovun dediklərinə münasibət bildirərək, bu məlumatlarla bağlı iltizam tətbiq edilməli olduğunu deyib: "İttiham olunan şəxs cinayət tərkibi olan məlumatlar verdi. Bunlar aktlaşdırılıb Baş Prokurorluğa göndərilməlidir".

Qeyd edək ki, sentyabrın 7-də haqqin.az saytı Əvəz Zeynallının Rasim Məmmədovun ailəsini şantaj edərək 20 min manat pul alması barədə məlumat və səs yazısı yayıb.

Bununla əlaqədar Baş Prokurorluq tərəfindən cinayət işi başlanılıb, Əvəz Zeynallı və Rasim Məmmədovun vəkili Elçin Sadıqov həbs olunub.