"Bu cür hərəkətlər ictimai nəqliyyat istifadəçiləri üçün çətinliklər yaradır" - Mais Ağayev

Artıq bir müddətdir ki, paytaxt Bakıda hərəkət sıxlığı, tıxac, avtobusların gecikməsi pik həddə çatıb.
Bu mövzu daima mətbuatda, sosial mediada gündəmdə olsa da, mövcud problemin həllinə dair irəliləyiş demək olar ki müşahidə olunmur.
Hər il olduğu kimi, bu il də 15 sentyabr – Bilik Günündə və sonrakı dövrdə paytaxtda hərəkət sıxlığı, ictimai nəqliyyata olan tələbatın artacağı gözlənilir.
Bəs, yeni tədris ilində ictimai nəqliyyata olan tələbatın düzgün təşkili üçün Bakı Nəqliyyat Agentliyi (BNA) hansı tədbirləri görəcək?
Mövzu ilə bağlı Redaktor.az-a danışan BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirdi ki, yeni tədris ilinin başlanması ilə əlaqədar müntəzəm sərnişindaşımalara tələbatın artacağını nəzərə alaraq əvvəlcədən qabaqlayıcı tədbirlər görülür.
“Müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan daşıyıcılara sərnişin sıxlığının minimuma endirilməsi və vətəndaşların təhsil müəssisələrinə, iş yerlərinə vaxtında, eyni zamanda rahat çatdırılması üçün tapşırıqlar verilib. Bildirilib ki, gündəlik xəttə çıxarılan avtobus sayının və avtobuslar arası intervalın sərnişin axınına uyğun tənzimlənməli, eləcə də tələbat olan xətlər üzrə avtobus sayı artırılmalıdır. Sürücülərin hərəkət cədvəlinə, yol hərəkəti və sərnişindaşıma qaydalarına riayət etməsinin zərurililiyi diqqətə çatdırılıb”,- deyə qurum sözçüsü qeyd etdi.
Mais Ağayev xüsusilə Bilik Günü ilə bağlı sürücülərə və valideynlərə müraciət etdi:
“Sərnişindaşımaların düzgün və səmərəli icra olunması üçün hərəkət iştirakçılarına o cümlədən, fərdi avtomobil sürücülərinə anlayışlı olmağı, yol hərəkəti qaydalarına, xüsusən də dayanma, durma və parklanma qaydalarına ciddi əməl etməyi tövsiyə edirik. Övladlarını şəxsi nəqliyyat vasitəsi ilə məktəbə aparan valideynlərdən xahiş edirik ki, təhsil müəssisələrinin ətrafında avtomobillərini qadağan olunan yerdə park edib digər hərəkət iştirakçılarına maneə yaratmasınlar. Çünki bu cür hərəkətlər ictimai nəqliyyat istifadəçiləri üçün əlavə çətinliklər yaradır. Qeyd edilənləri nəzərə alaraq vətəndaşlarımızı mümkün qədər şəxsi nəqliyyat vasitələrindən istifadə etməməyə və ictimai nəqliyyata üstünlük verməyə çağırırıq”.
Nərmin VÜQARQIZI