Əjdər Ol məni hədələdi - Səlim Müslümovun məhkəməsi

 18:20 12.09.2022     156

Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.

Redaktor.az xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Şahid Taleh Ələkbərov bildirib ki, Gəncə şəhərində yerləşən evini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə satıb. 

"Mənə dedilər ki, evi şəhid ailələri üçün alırlar. 3 otaqlı evi 36 min 500 manata razılaşdıq. Həmin məbləğin 33 min 500 manatını Kamil adlı makler mənə verdi və baş etibarnamə aldı. Bildirdi ki, qalan pulu da yaxın günlərdə verəcək. Amma sonradan qalan məbləği vermədilər. Kamil dedi ki, nazirlik həmin məbləği evin təmirinə sərf edəcək. Mənimlə alqı-satqı müqaviləsi imzalananda evin alış qiyməti  51 min manat göstərilmişdi. Mənə dedilər ki, bu məbləğin sənə aidiyyəti yoxdur", - şahid deyib.

Digər şahid Ulduz Verdiyeva da ifadəsində Gəncə şəhərində olan 3 otaqlı mənzilini 36 min manata satdığını deyib: "Amma həmin mənzili 51 min 500 manata rəsmiləşdirdilər".

Şahid Gülnisə Həşimova isə deyib ki, Yeni Gəncə yaşayış massivində 3 otaqlı evini nazirliyə 31 min 509 manata satıb:

"Müqavilədə isə həmin ev 51 min manata rəsmiləşdirilib. Mənzili alan makler idi. Mən tanımırdım. 31 min manatı kassadan alıb çıxdım. Sonradan dedilər ki, müqavilədə 51 min manat yazılıb. Mən də dedim nə borcuma, mən pulumu almışam. Dedilər ki, sənin evini əlil üçün, şəhid ailəsi üçün alırıq. Mən də dedim halal xoşları olsun".

Digər şahid Qurban Nağıyev isə bildirib ki, 3 otaqlı evi 35 min manata satıb:

"Alıcını tanımıram, mən maklerə satmışam. Amma sənəddə 51 min 700 manata satmağıma qol çəkdim. Evim təmirsiz idi. Dedilər ki, dövlət 51 min 700 manat ayırıb ki, ev təmirli olsun". 

Şahid Zaman Səmədov isə bildirib ki, 2014-cü ildə Masazırda 65 sot torpaq sahəsi alıb:

"Həmin sahəni özəlləşdirdim. Dedilər ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ əlilləri üçün ev tikməyə torpaq axtarır. O vaxt nazirliyin aparat rəhbəri Əjdər Cəbiyev idi. Əjdər Cəbiyevlə görüşdüm. Əjdər Cəbiyev dedi ki, 50 min manata alırıq. Razılaşdıq, 10 min manat verdi, dedi qalanını sonra verəcəyik. Amma vermədilər. Əjdər Cəbiyev dedi ki, Səlim Müslümov narazılıq edir, 50 min çoxdur. Mən torpağımı geri istədim, vermədilər. Mən Səlim Müslümovu heç vaxt görməmişəm. Ümumiyyətlə, bu vaxta qədər nə torpaq sahəsini geri ala bildim, nə də pulumu". 

Şahid Elmar Səmədov isə bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansında olan ikimərtəbəli obyektin özəlləşdirilməsi üçün nazirliyin aparat rəhbəri Əjdər Cəbiyevlə görüşüb. 

"Obyektin özəlləşdirilməsi üçün 50 min manat istədilər. Mən məsələni Əmlak Məsələləri üzrə Dövlət Komitəsi ilə həll etmək istəyirdim. Əjdər Cəbiyev dedi ki, 50 min manata özləri bütün məsələləri həll edir. Mən də razılaşdım, 50 min manatı Əjdər Cəbiyevə verdim. Amma nə obyekti özəlləşdirib mənə verdilər, nə də pulumu qaytardılar",-şahid bildirib. 

Şahid qeyd edib ki, pulunu tələb edəndə isə Əjdər Cəbiyev onu hədələyib:

"Pulumu istəmək üçün dəfələrlə nazirliyə getmişəm. İlk dəfə 3-cü mərtəbədə Əjdər Cəbiyevlə görüşdüm. Əjdər Cəbiyev əsəbiləşib məni otaqdan qovdu. Ondan sonra nə vaxt getdim, aşağıdan polislər məni binaya buraxmadılar. Sonuncu dəfə Əjdər Cəbiyevin telefon nömrəsini tapıb ona zəng vurdum. Əjdər Cəbiyev məni telefonda ölümlə hədələdi. Ondan sonra ona zəng vurmadım. Özümdən qorxmurdum. Bilirdim ki, Əjdər Cəbiyev mənə heç nə edə bilməz. Qorxurdum ki, ailəmə, uşağıma, qardaşıma nəsə xəsarət yetirər. Ona görə də daha ona zəng vurmadım". 

Proses sentyabrın 19-da davam etdiriləcək. 

Xatırladaq ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub.

Cinayət Məcəlləsinin 179.4 ( xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunan sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra səhhətində yaranan problemlə bağlı ev dustaqlığına buraxılıb.

Ümumilikdə Səlim Müslümov cinayət işi ilə bağlı dövlətə dəymiş 27 milyon manatın 20 milyonunu ödəyib. Həmçinin sabiq nazirin 8 milyon manatlıq əmlakı üzərinə həbs qoyulub (report).