Maliyyə Nazirliyi bu qurumlarla bağlı DTX-ya MÜRACİƏT ETDİ

 16:32 13.09.2022     468

Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında mühasibatlıq işçilərinin və bu tibb müəssisəsində çalışmayan şəxslərin plastik kart hesablarına əsassız vəsaitlərin köçürülməsi, tibb işçilərinin tarif dərəcələrinin düzgün müəyyən olunmaması nəticəsində artıq əməkhaqı, habelə əməkhaqına qeyri-qanuni əlavələrin edilməsi kimi hallar müəyyən edilib.

Redaktor.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bundan əlavə, hərbi xidmət dövründəxəsarət alan hərbi qulluqçulara sığorta ödənişi üçün verilmiş arayışların bir qisminin sənədləşmələrində qanunvericiliyin tələblərinin pozulması halları da aşkarlanıb. Artıq ödənişlərin bərpası və təqsirkar şəxslər barəsində müvafiq tədbirlər görülməsi məqsədi ilə yoxlama materialları Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) göndərilib.

Maliyyə Nazirliyindən həmçinin bildirilib ki, Azərbaycanın Almaniyadakı Səfirliyinin 30 dekabr 2014-cü il tarixdən 01 oktyabr 2021-ci il tarixinə qədərki dövrdə maliyyə-təsərrüfat fəaliyyətinin təftişi zamanı bank çıxarışlarındakı məlumatların dəyişdirilərək saxtalaşdırılması, bank hesablarında olan vəsaitlərin, o cümlədən konsulluq əməliyyatları üzrə dövlət rüsumlarının təyinatından başqa hesablara köçürülməsi yolu ilə mənimsənilməsi halları müəyyənləşib.

Məlumata görə, aşkar edilmiş maliyyə pozuntularının ciddiliyi nəzərəalınaraq təqsirkar vəzifəli şəxslər barəsində müvafiq tədbirlər görülməsi məqsədilə yoxlama materialı Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) təqdim edilib.