Tarixi bina üzərində mansard qurulub? - Foto

 13:02 14.09.2022     2547

“Mədəniyyət Nazirliyi 1883-cü ildə tikilmiş tarixi bina üzərində mansard qurulduğunu bilir?”

Redaktor.az xəbər verir ki, bu barədə memar Elçin Əliyev sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, Neftçilər prospekti, 125 ünvanında yerləşən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin binası - dövlət tərəfindən (Mədəniyyət Nazirliyi tərəfindən) qorunan memarlıq abidəsidir və bu haqda Qanunun 138-ci səhifəsində 3392 nömrəli yazı var: “Qabaqcadan razılaşmaya görə, işin sonunu gözləyəcəklər, mansardı başa çatdıracaqlar, sonra gəlib simvolik 200 manatlıq cərimə edəcəklər?!”

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, memarın yazdıqları həqiqəti əks etdirmir: “Bildiririk ki, həmin abidədə təmir işlərinin aparılması üçün binanın fasadında qurğular qurulan anda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları ərazidə olub və dövlət tərəfindən mühafizə olunan abidələrdə bərpa-konservasiya işlərinin aparılması ilə bağlı qanunvericiliyin tələbləri diqqətə çatdırılıb. Həmçinin qanunvericiliyin tələblərinə riayət ediləsi ilə bağlı xəbərdarlıq edilib və fakt  aktlaşdırılıb.

Onu da qeyd edək ki, binanın fasadında təmir işlərinin aparılması üçün ayaqaltıların qurulmasına baxmayaraq, hər hansı təmir işi aparılmayıb. Təmir işlərinin aparılması üçün icazənin verilməsi ilə bağlı həmin binada yerləşən dövlət orqanı tərəfindən Dövlət Xidmətinə rəsmi müraciət ünvanlanacağı bildirilib” (qafqazinfo).