"Maaş və pensiyalar artırılmalıdır" - Vahid Əhmədov

“Dünyada ərzaq qıtlığı var. Həm də Azərbaycan idxal edən ölkədir. Çünki bizim ərzaqla bağlı problemimiz var. İdxal edəndə də həm qiymət idxal edirik, həm də inflyasiya yaşanır. Ona görə də burada qiymət artımı baş verir. Bu obyektiv qiymətdir, bunun qarşısını almaq qeyri-mümkündür. Bunun üçün yeganə çıxış yolu Azərbaycanda ərzaq məhsullarının istehsalını genişləndirmək lazımdır ki, meyvə, tərəvəz və s. məhsulları ixrac etməyək və onlardan məhsul alaraq ölkəmizdə istifadə edək”.
Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov son zamanlar Azərbaycanda ərzaq məhsullarında kəskin qiymət artımı ilə bağlı danışarkən bildirdi. Millət vəkilinin fikrincə, bəzi sahibkarlar da vəziyyətdən istifadə edərək qiymətləri süni şəkildə artırırlar:
“Obyektiv qiymətdən başqa, subyektiv qiymətlər də mövcuddur ki, bəzi sahibkarlar istifadə edir, qiymətləri artırırlar. Görürlər vəziyyət ağırdır, insanları daha da çətin vəziyyətə salırlar. Onlar da anlamalıdırlar ki, bu, yaxşı metod deyil.
Bu barədə dövlət başçısı, iqtisadiyyat naziri neçə dəfə xəbərdarlıq edib. Antiinhisar xidməti monitorinqlər aparır, müəyyən cərimələr tətbiq edir, amma görünür bu hələ də kifayət etmir”.
Vahid Əhmədov bildirdi ki, ərzaq məhsullarının bahalaşmasının bir digər səbəbi də dünya bazarında taxılın qiymətinin artmasıdır:
“Bir vaxt var idi taxılın qiyməti 400 dollara çatmışdı, indi isə təxminən 340-360 dollar arasındadır. Biz də taxılın əksər hissəsini xaricdən idxal etdiyimiz üçün çörəyin də qiymətində bu artım müşahidə edilir. Hətta artımlar kifayət qədər böyükdür”.
Deputat qeyd etdi ki, inflyasiyanın qarşılığında maaş və pensiyalar da artırılmalıdır:
“Ümumiyyətlə, hesab edirəm ki, gedən inflyasiyanı, qiymət artımını nəzərə alaraq aztəminatlı ailələr üçün müəyyən şəraitlər yaratmaq lazımdır. Təqaüdçülərin, müavinət alanların, az maaş alan işçilərin əmək haqqı məsələsinə baxıb, həmin şəxslərə dövlət səviyyəsində yardım edilməlidir. Yəqin ki, Milli Məclisin növbəti sessiyasında bu məsələ bir daha müzakirə ediləcək. Çalışırıq ki, bu mövzu dövlətin daha çox diqqətində olsun”.
Parlamentari onu da vurğuladı ki, qiymət artımının qarşısını almaq üçün bir neçə çıxış yolu mövcuddur.
“Azərbaycan xarici səbəblərdən asılı olmayaraq artan qiymətlərin qarşısını almaq üçün öncə əlavə dəyər vergisini (ƏDV) ərzaq məhsulları üçün 1-2%-ə qədər azaltmalıdır. Amma prestijli məhsullarda – avtomobillər, mebel məhsulları, elektron cihazlar və s. ƏDV 25-30%-ə kimi artırılsın.
Digər çıxış yolları isə gömrük rüsumlarını ərzaq məhsulları üçün azaltmaqdır və süni qiymət artımının qarşısını almaqdır”, - deyə Vahid Əhmədov qeyd etdi.
Nərmin VÜQARQIZI