"Təxribatlara uymamalıyıq" - Deputat

 10:11 15.09.2022     334

"Sentyabrın 12-də Ermənistan silahlı qüvvələri Azərbaycanla sərhəddə növbəti təxribat törətdi. Azərbaycan ordusu böyük qətiyyət nümayiş etdirərək hücumların qarşısını aldı. Nəticədə Azərbaycan tərəfi də ciddi itkilər verdi. Azərbaycan xalqı dərin kədər içində, böyük səbir və təmkin nümayiş etdirərək şəhidlərini son mənzilə yola saldı. Belə ağır gündə xalqımızın ən çox birlik və həmrəyliyə ehtiyacı var. Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycan xalqı dərin hüzn və kədər içində, ləyaqətlə şəhidlərini yola salarkən hər zaman olduğu kimi, bir qrup özünü müxalifət adlandıran şəxs “ənənəyə” sadiq qalaraq yaranmış “fürsətdən” iqtidarın və Azərbaycan Prezidentinin əleyhinə istifadə etməyə çalışdılar. Hətta bəziləri daha da irəli gedərək Azərbaycan dövlətini Ermənistana təcavüzdə ittiham etdilər. Məsələnin tam mahiyyətinə varmadan, dövlətçilik maraqlarını nəzərə almadan səylə ictimai rəyi çaşdırmağa, yanlış istiqamətə yönləndirməyə çalışdılar".

Redaktor.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputat Ceyhun Məmmədov Ermənistanın son təxribatıı şərh edərkən deyib. Onun sözlərinə görə, bütün dünyada dövlətin ağır və çətin günündə müxalifət dövlətçiliyi, dövlət maraqlarını dəstəkləyir.

"Təəssüf ki, hər zaman olduğu kimi, bu dəfə də özünü müxalifət adlandıran bəzi müxalif qruplar erməni dəyirmanına su tökmək yolu seçdilər. Belə olduğu təqdirdə sual yaranır. Azərbaycan nə etməli idi? Ermənilərin son təxribatlarına cavab verməməli idi? Əgər düşmən təcavüz edirsə itkilərimizin olması qaçınılmazdır. Dövlət bütün zəruri addımları atıb, atacaq, heç kim narahat olmasın. Bizim üzərimizə düşən dövlətimizin yanında olmaq və dövlətçiliyimizi dəstəkləməkdir.

Müdafiə Nazirliyi davamlı olaraq Azərbaycan ictimaiyyətini cəbhədə baş verənlər və itkilərimiz barədə məlumatlandırır. Dövlətimiz şəhidlərimizin böyük qürur və ləyaqətlə yola salınması üçün bütün zəruri tədbirləri həyata keçirir.

İndi bizim təxribatlardan, ictimai rəyi çaşdırmaqdan, hakimiyyətin ünvanına əsassız ittihamlar səsləndirməkdən daha çox səbirli və təmkinli olmağa, birlik və həmrəyliyimizi qorumağa ehtiyacımız var. Kimsə Vətənə xidmət istəyirsə həmin yol buradan keçir. Əgər kin və qərəziniz faydalı olmağa imkan vermirsə ən azından görülən işlərə mane olmayın.

Onu da qeyd edək ki, bu gün Azərbaycanda xalq-iqtidar birliyi ən yüksək səviyyədədir. Prezident İlham Əliyevin qətiyyəti və prinsipiallığı sayəsində Azərbaycan torpaqlarını düşməndən azad edib. Hazırda Azərbaycan öz tarixinin şanlı və şərəfli günlərini yaşayır, Azərbaycanın tarixdə heç zaman bu qədər güclü olmadığını hər kəs bilir. Bizim hələ qarşıda görəcəyimiz bir çox mühüm vəzifə və işlər var, bunun üçün bizə birlik və həmrəyliyimizi qorumaq lazımdır. Bizi hələ qarşıda yeni uğur və qələbələr gözləyir.

Əgər kimsə düşünürsə ki, həqiqətləri inkar etməklə, ağa qara deməklə hakimiyyəti gözdən salmağa, görülən işlərə kölgə salmağa nail olacaq yanılır. Azərbaycan xalqı hər şeyi gözəl bilir, düzü əyridən seçməyi yaxşı bacarır. Belə səhv düşünən və yanlış yolda olan insanlara xalqımız hər zaman layiqli qiymətini verib və bundan sonra da verəcək.

Hazırkı həssas məqamda xalqımızın üzərinə düşən əsas vəzifə, gözüaçıq olmaq, təxribatlara uymamaq, birlik və həmrəyliyimizi qorumaqdır. Daxili və xarici düşmənlərimizin çirkin məqsədlərinə nail olmaması üçün səylə çalışmaq hər birimizin vəzifəsidir. Uca Allah xalqımızı, dövlətimizi və ordumuzu qorusun",- deyə C.Məmmədov əlavə edib.

Nərmin VÜQARQIZI