MİDA-nın onlayn satış sistemi çökdü -YENİLƏNİB

 11:44 15.09.2022     606

Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu “6” ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 815 mənzilin seçimi baş tutmayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsinin mənzil satışına dair Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) təşkil etdiyi brifinqdə qurumun aparat rəhbəri Fərman Qurbanlı deyib.

Onun sözlərinə görə, satışın başlamasına qısa müddət qalmış çox sayda vətəndaşın girməyə çalışmasına görə "ASAN" login sistemində yüklənmə olub.

Beləliklə, bu kompleksdə mənzillərin satışı qeyri-müəyyən müddətə təxirə salınıb.

Qeyd edək ki, Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə satışa 4 saylı binası üzrə 64, 5 saylı binası üzrə 53, 6 saylı binası üzrə 44, 9 saylı binası üzrə 44, 10 saylı binası üzrə 64, 11 saylı binası üzrə 54, 12 saylı binası üzrə 44, 14 saylı binası üzrə 21, 17 saylı binası üzrə 44, 18 saylı binası üzrə 44, 19 saylı binası üzrə 41, 20 saylı binası üzrə 8, 21 saylı binası üzrə 44, 22 saylı binası üzrə 39, 23 saylı binası üzrə 39, 24 saylı binası üzrə 24, 25 saylı binası üzrə 72 və 26 saylı binası üzrə 72 mənzil çıxarılıb.

***

“ASAN Xidmət”in nəzdində olan Elektron Hökumətin İnkişafı Mərkəzi bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Yasamal rayon İkinci Yaşayış Kompleksi üzrə mənzillərin satılmamasına aydınlıq gətirib.

Redaktor.az-ın məlumatına görə, mərkəzin direktoru Mehdi Cavadov bildirib ki, satışın başlamasına bir neçə dəqiqə qalmış sistemdə problem yaranıb:

“ASAN login üzərindəki yüklülük səbəbindən sistemə keçmək mümkün olmayıb. Satışdan əvvəl 100-dən çox test etsək də, bu gün sistemdə problem yaranıb”.

Qeyd edilib ki, bu, müvəqqəti haldır və mənzillər yenidən satışa çıxarılacaq.

***

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Yasamal rayon İkinci Yaşayış Kompleksi üzrə mənzillərin satışında ASAN login üzərində yüklülük nəticəsində texniki problem yaranıb.
 
Redaktor.az-ın məlumatına əsasən, bunu Mənzil İnşaatı Dövlət Agentliyinin Aparat rəhbəri Fərman Qurbanlı keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, mənzil seçimi ilə bağlı vətəndaşlara əlavə məlumat veriləcək.

***

Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən keçirilən "Güzəştli mənzillər"in satışı ilə bağlı sistemdə probemlər yaranıb.

Redaktor.az xəbər verir ki, saat 11:00-da başlamalı olan seçim prosesində sistemə giriş mümkün olmayıb. İstifadəçilər mənzil seçimi edə bilməyiblər.

Hazırda yaranmışın çətinliklərin aradan qaldırılması üzrə iş aparılır.