"Şəhid mərasimlərində dini şüarlar səsləndirilənlərlə bağlı tədbirlər görülür" - DİN

 12:03 15.09.2022     1012

Bir sıra sosial şəbəkə istifadəçiləri öz səhifələrində postlar paylaşaraq şəhidlərimizin dəfni zamanı sanki naməlum istiqamətdən yönəldilmiş bir qrup şəxsin mərasimlərə qatılaraq səs-küy salmaları və dini şüarlar səsləndirmələrini narahatlıqla qeyd edərək hüquq mühafizə orqanlarından belə şəxsləri həmin mərasimlərə buraxmamağı xahiş edirlər.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bununla əlaqədar mətbuatın sorğusuna cavab olaraq DİN-in Mətbut Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib ki, sosial şəbəkələrdəki qeyd olunan müraciətlərin müəlliflərinə vətəndaş mövqeyi sərgilədikləri üçün təşəkkür edir və onların narahatlıqlarını anlayışla qarşılayırıq:

"Bildirim ki, şəhidlərimizin dəfni zamanı ərazidə ictimai asayişin qorunmasını həyata keçirən polis əməkdaşları orada baş verənləri müşahidə edirlər. Sadəcə, dəfn mərasimində hər hansı bir insidentin baş verməməsi üçün yersiz səs-küy qaldıran həmin şəxsləri oradan uzaqlaşdırmırlar. Lakin, mərasimlər başa çatdıqdan sonra qeyd olunan şəxslərin ətrafında müvafiq araşdırmalar aparılaraq tədbirlər görülür".