Şəhidin qardaşı "6 min" rüşvət məsələsinə görə Müdafiə Nazirliyinə çağırıldı  - AÇIQLAMA

 12:42 15.09.2022     1507

Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi təxribatların qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov iddia edib ki, vaxtilə qardaşından “Komando” hərbi briqadasında xidmətə qəbul edilmək üçün 6 min manat rüşvət tələb olunub.

Redaktor.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Görüntülərdə Sənan Əhmədov deyib ki, qardaşı ikiqat maaş almaq üçün komando briqadasına təyinat almaq istəyib: “Deyiblər ki, şirinlik verərsən həll edərik. 6 min istəyiblər. O isə bankdan 6 min manat kredit götürüb rüşvət verib”.

İddialarla bağlı Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, Sənan Əhmədovla sentyabrın 15-də Müdafiə Nazirliyində görüş təşkil edilib: “Vətəndaş Sənan Əhmədovla onu narahat edən mövzu ilə bağlı ətraflı söhbət aparılıb. Müdafiə nazirinin tapşırığına əsasən hazırda məsələ ilə bağlı tərəfimizdən araşdırma aparılır. İctimaiyyətə əlavə məlumat veriləcək.

Baş Prokurorluğun Mətbuat Xidmətindən də qanunvericiliyin tələblərinə uyğun olaraq faktla bağlı araşdırmanın aparıldığı deyilib.