“Qarabağ müharibəsi bitib, amma Ermənistan-Azərbaycan savaşı davam edir” - Zahid Oruc

 19:14 15.09.2022     799

“2 il öncə başlanan Böyük Vətən müharibəsinin əsas məqsəd və hədəflərini yenidən xalq ilə bölüşməliyik. Bu zaman Ali Baş Komandan bizim bütövlük uğrunda savaşdığımızı və torpaqlarımızın azadlığı ilə yanaşı Azərbaycanın bu regionda var olduğunu və bunu düşmənə tanıtdırmaq məramımızı açıq mətnlə dəfələrlə bəyan edirdi. İndi biz torpaqlarımızı azad etmişik, lakin sərhəd xətlərini göstərmək, bunu düşmənə tanıtdırmaq və gerçək hüquqi bir sənədlə bunu ifadə etmək təəssüf ki, Ermənistan tərfindən mümkün olmadı”.

Bu sözləri Redaktor.az-a son günlər Azərbaycanla sərhəddə Ermənistanın törətdiyi təxribatı şərh edərkən Milli Məclisin deputatı Zahid Oruc dedi. Deputatın sözlərinə görə, Prezident İlham Əliyev bütövlükdə region və Qafqaz üçün sülh gündəliyini özü irəli sürmüşdü.

“Təsadüfi deyil ki, istər Brüssel, istərsə də Moskva və Soçi danışıqları məhz bu əsnada getmişdi. Buna görə də, bu gün hərbi toqquşmalardan sonra İrəvan küçələrinə axışan və Paşinyanı həqarətlə türk adlandıran, milli nifrət nitqindən faydalanan qüvvələr deyirlər ki, "gördün, sənin sülh istəyin necə ağır zərbələrə tuş gəldi, erməniləri Azərbaycan ordusu məhv edir". Halbuki bu çox yanlış yanaşmadır və səhv ittihamdır. Paşinyan deyil, 30 illik işğalı həyata keçirənlər günahkardır. Baxmayaraq ki, hazırki baş nazirin də bu məsələlərdə yetərincə məsuliyyəti var. Ona görə də, son 2 günün hərbi toqquşmalarının siyasi təhlükəsizlik və faktiki, həm də strateji mənası ilk növbədə “sərhəd xətlərinə ordu müəyyənləşdirir” devizi, şüarıdır. Bu simvolik bir termin deyil, həqiqətən də belə oldu. Əlbəttə, ölkə rəhbəri hər bir döyüşçünün, əsgərin və zabitin varlığına, onun təhlükəsizliyinə böyük dəyər verərək, onları qoruyaraq prosesin danışıqlar yolu ilə müəyyən edilməsini istəyirdi. Təəssüf ki, bu mümkün olmadı”.

Z. Oruc bildirdi ki, bu toqquşmalar 44 günlük müharibənin davamıdır:

“Şəhidlərimiz də istəməzdi ki, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Şuşa ilə kifayətlənək. Eyni zamanda onun hüdudları müəyyənləşsin, qarşı tərəf sözün əsl mənasında sərhədi bilsin. Azərbaycan xalqının şəhidlərimizə ağrıması, onlara kədərlənməsi və bir sıra hallarda sarsıntılara baxmayaraq, bilməliyik ki, bu savaş İkinci Qarabağ müharibəsinin eyni məramda, eyni kontekstdə davamıdır.

Coğrafi olaraq bunun Ardanış, Zod, Basarkeçər rayonu, Göyçə mahalı, Gorus, Qafan ərazilərində olması bunun 600 km-ə yaxın məsafədə qazanılmış yeni sərhədlərin nişanlarını, dəqiq koordinasiya nöqtələrini düşmənə tanıtdırmaq üçündür. Bu cəhətdən bir daha vurğulayıram ki, ordular dövlətlərin ərazi hüdudlarını müəyyən edirlər. İndiki halda da belə oldu”.

Millət vəkili həmçinin vurğuladı ki, Azərbaycanın İrəvana müdaxilə etmək niyyəti yoxdur:

“Bu döyüşlər əsla İrəvana hərbi cəhətdən daxil olmaq, aqressiya siyasəti yürüdərək hüquqi şərtləri tanımamaq, beynəlxalq təşkilatları üzərimizə qaldırmaq, sanksiyalar qazanmaq, Böyük Azərbaycan planları ilə müxtəlif paytaxtları tutmaq kimi bir plan deyil. Bu cür təqdimat çox yanlışdır. Kəlbəcərdən başlayan və qeyd etdiyimiz ərazi boyunca müxtəlif nöqtələrdə gətirib strateji silahlar yerləşdirən və onunla ordumuza təhlükə törədən və xüsusilə də, mina müharibəsinə aparan, digər tərəfdən “Böyük Qayıdış”a, insanlarımızın öz doğma torpaqlarına dönüb yaşamasına təhlükə törədənlərə zərbə vurulubdur.

Biz söyləyirdiksə, müharibə bitib, onda niyə bu toqquşmalar baş verir? Qarabağ müharibəsi bitib, amma Ermənistan-Azərbaycan savaşı davam edir. Mümkün deyil ki, Azərbaycana zərbə endirilsin və ordumuz buna 10 qat artıq cavab verməsin. Hazırki əməliyyatlar bir müddət sonra yeni hərbi, siyasi və hüquqi nəticələr doğuracaq”.

Nərmin VÜQARQIZI