“Belə şüarlar dinə xidmət deyil” - İlahiyyat İnstitutunun rektoru

 11:51 16.09.2022     244

Yas mərasimlərində yüksək səslə fəryad edərək dini şüarların səsləndirilməsi doğru hal deyil.

Redaktor.az xəbər verir ki, bunu Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov bildirib.

Şəhidlərimizin dəfn mərasimlərindən dini şüarların səsləndirilməsinə münasibət bildirən rektor hesab edir ki, bu hallar həm milli, həm də dini adət ənənələrimizə uyğun deyil:

"Peyğəmbərimizin və əhlibeyt imamlarının tövsiyələrinə diqqət etdikdə görürük ki, onlar məzar başlarında insanları təmkinli olmağa çağırırlar. Hədislərdə ah-nələ ilə məzar başında fəryad etməyə mənfi münasibətin şahidi oluruq. Sosial şəbəkələr vasitəsi ilə sözügedən görüntüləri izlədikdə bunların ölkənin dini adət-ənənələrinə uyğun olmadığını görürük. Şəhidlərimizin ailələri övladlarını istədikləri kimi dəfn etməlidir. Azərbaycanın dini ənənəsində mövcud olmayan hərəkətləri etmək doğru deyil”.

Aqil Şirinovun sözlərinə görə, müxtəlif şüarlarla çıxış edən şəxslər düşünürlər ki, dini təbliğ edirlər, amma tam əksinə, o hərəkətlərlə dini dəyərləri insanların gözündə dəyərsizləşdirirlər:

“Azərbaycanda müxtəlif dinlərin, məzhəblərin nümayəndələri yaşayır, şəhidlərin dəfn mərasimlərində onların hamısını birləşdirici bir şüardan istifadə etmək lazımdır. Cəmiyyəti parçalamayan şüarlardan istifadə etməliyik. O şüarları səsləndirməklə onlar əslində əhalinin çox hissəsinin dini dəyərlərə məsafəli yanaşmasına xidmət edirlər. Həmin insanların kim olduğunu bilmirəm, amma hərəkətlərinin doğru olmadığını bilirəm. Etdikləri hərəkət nə dinə, nə də ölkədə mövcud olan mühitə xidmət edir”.

Ötən gün şəhidlərimizin dəfn mərasimlərində dini şüarların səsləndirilməsi ciddi etiraz doğurub. Bir sıra sosial şəbəkə istifadəçiləri postlar paylaşaraq, şəhidlərimizin dəfni zamanı sanki naməlum istiqamətdən yönəldilmiş şəxslərin mərasimlərə qatılaraq səs-küy salmaları və dini şüarlar səsləndirmələrini narahatlıqla qeyd ediblər. Daxili İşlər Nazirliyi vətəndaşların müraciətinə dərhal reaksiya verərək, dəfn mərasiminlərində dini şüarlar səsləndirənlərlə bağlı araşdırmalara başlayıb (modern.az).