Elnur təhsil haqqına görə universiteti yarıda atıb? - Açıqlama

 16:47 16.09.2022     220

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısını alarkən şəhid olan 77 şəhiddən biri Elnur Nərbala oğlu Məhərrəmovdur. O 2018-2021-ci illərdə Azərbaycan Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin tələbəsi olub. Yayılan məlumatlara görə, ödənişli əsaslarla oxuyan Elnur III kursun yarısında təhsilini dondurub və hərbi xidmətə yollanıb. Bildirilib ki, onun bu addımı atmasına səbəb təhsilhaqqını ödəyə bilməməsi olub.

Redaktor.az xəbər verir ki, Azərbaycan Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Lalə Bilalova deyilənlərin həqiqəti əks etdirmədiyini söyləyib.

Universitet rəsmisinin sözlərinə görə, Elnur ödənişləri tam vaxtında ödəyirmiş:

“Tələbə kənarlaşdırılma ərizəsi ilə müraciət edirsə, biz bunu qəbul etməliyik. Elnur da bizə belə ərizəylə müraciət etmişdi. O, təhsil aldığı müddətdə ödənişlərini tam ödəyib. Həmin ixtisasın illik təhsil haqqı 2 min manat idi. Elnur ərizə yazıb yenidən universitetə gələ bilərdi, bu mümkün idi”.

Şəhidin əmisi Zaur Məhərrəmov isə universitetdən verilən açıqlamanı yalanlayıb:

“Elnur oxumaq istəyirdi, müəllim yanına hazırlığa getdi və qəbul oldu. Təhsili ödənişli idi, müəyyən müddət oxumağı üçün köməklik edildi. Ailəsi kasıb olduğu üçün təhsil haqqını davamlı ödəyə bilmədi. Ona görə təhsilini yarımçıq qoyub, ordu sıralarına yazıldı. Əsgərliyini bitirəndən sonra orduda qalıb xidmətini davam etdirmək istəyirdi. Bu barədə mənə də demişdi".

Z.Məhərəmov özünün də həbçi olduğunu vurğulayıb:

"Elnur bu yolu özü könüllü seçmişdi, heç kim məcbur etməmişdi”.