“Guya şəhid qardaşı öz təşəbbüsü ilə və müxtəlif səbəblərdən üzr istəyə bilməzdi?” - Mirşahin

 10:23 17.09.2022     496

“Ssenari həminkidir. Azərbaycan ərazi bütövlüyünün daha etibarlı təminatı naminə uğurlu əks-həmlə əməliyyatı keçirib, Ermənistanla sərhəddə, demək olar ki, bütün hakim yüksəkliklərə nəzarət imkanı qazanıb. Bu, Gələcəyimizin Qələbəsidir! Ermənistan əsgərləri sərhədlərimizdə posta çıxmaqdan artıq nümayişkaranə surətdə imtina edirlər. Ermənistan, özünün 12-14 sentyabr təxribatı zamanı məhv edilmiş hərbçilərinin cəsədlərini öz sərhədlərindənsə yığıb-yığışdırmağa macal və cəsarət tapmır. Düşmən ordusu sarsıdıcı zərbə alıb! Texnikasının, canlı qüvvəsinin mühüm hissəsini itirib. Əslində bu gün mediada əsas gündəm bu olmalıdır. Biz bu Böyük Tarixi Uğura qol, baş, ürək qoymuş Şəhidlərimizin uca məqamından bəhs etməli, onların öz şəhadəti ilə daha da dəyərləndirdiyi Dövlətimizi, Azərbaycan qarşısında hər birimizin daşıdığı məsuliyyəti düşünməliyik. Amma məqsədli və özü də qara məqsədli  bir şəkildə söhbəti “şəhid qardaşı” mövzusuna dəyişənlər, Zəngəzur dəhlizinin reallaşması üçün Azərbaycanın apardığı işləri görməzliyə vuraraq 34-35-ci dərəcəli məsələlər ətrafında qeybət edənlər öz ampluasındadır”.

Redaktor.az xəbər verir ki, bunu REAL TV-nin rəhbəri Mirşahin Ağayev bildirib.

M.Ağayev qeyd edib ki, Qubad İbadoğlu, Əli Kərimli, Sevinc Osmanqızı və başqa bu tipli “yaramazların” üzərinə getmək, əyyaş pasifizmi, psevdoinsansevərlik kimi ziyanlı, vətəndaşı vətənə qarşı qoymağa hesablanmış meyillərlə mübarizə aparmaq əvəzinə “Filankəsin üzrxahlıq videosunu kim çəkdi? Kim yaydı?” tək düşük suallara cavab axtarırlar: “Guya şəhid qardaşı öz təşəbbüsü ilə və müxtəlif səbəblərdən üzr istəyə bilməzdi?! Dostlar, yaxşısı budur, gəlin Zəngəzur yolunda əldə edilmiş uğurlu strateji nəticə haqqında düşünək. Ciddi təhlil aparaq. Daha uzağı görməyə çalışaq. Yox, darıxsaq, bir şəhid ailəsinin qapısını döyək. Allah verəndən pay aparaq. Daha özümüzdən alicənablar alicənabı düzəldib, mələk qiyafəsinə girməyə çalışmayaq. Şəhidlərin sayından yox, əldə edilmiş nəticədən danışaq. Onların valideynlərinin yaralı bağrını hiss edək! Bəsdir, quşəppəyi təfəkkürü ilə, balıq şüuru ilə sosial şəbəkədə meydan suladıq. Dünən Şuşaya 30 illik məsafədən boylanırdıq. Bu gün Göyçənin 3 kilometrindəyik! Başa düşürsünüz?”