"Utanmadan, qızarmadan bunu videoya çəkib fəxarətlə paylaşırlar" - Fazil Mustafadan ETİRAZ

 10:04 18.09.2022     1053

"Yaxınların, uzaqların minlərlə yas mərasimində iştirak etmişəm. Əyalətdə də, böyük şəhərdə də kişilərin sinəsinə döyüb, başına çırpıb ağladığını görməmişəm. İnanıram ki, 10-15 il öncəyə qədər Azərbaycanın hansısa bölgəsində belə bir hal olsun".

Redaktor.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Fazil Mustafa bildirib.

Millət vəkili qeyd edib ki, bizdə tarix boyu da ən ağır dərd qarşısında ağsaqqallar, orta yaşlı kişilər, yeniyetmələr elin, tayfanın qadınlarının, qızlarının önündə ağlayan, sızlayan obrazda görünməkdən xəcalət çəkərdilər.

"Əksinə qadın ürəyi daha kövrək olur, mərhumun əzizləri özlərini döyəndə, saçlarını yolanda, üzüntüsünü şiddət formasında izhar edəndə kişilər yaxınlaşıb qadınlara təsəlli verir, onların özünə xəsarət yetirməsinə mane olurdular. İndi son illərdə fərqli bir adət yayğınlaşıb. Kişilər başlarına, sinələrinə döyüb ağlayırlar, sızlayırlar və qadınlar yaxınlaşıb onları təsəlli edir. Həm də utanmadan, qızarmadan bunu videoya çəkib fəxarətlə paylaşırlar. Həm də bunu İslam dininin vacibatı kimi də cəmiyyətə sırıyırlar. Hansısa ağlı başında olan müsəlman Məhəmməd Peyğəmbəri ağlayan, sızlayan, başına döyən, sinəsinə döyən obrazda təsəvvür edə bilərmi? Öz şəhid həyat yoldaşının tabutunun altına girən məğrur Azərbaycan qadını obrazını xatırlayırsınızmı? Ya Polad Həşimovun o qürurlu anasının insanların qarşısında dəyanətli duruşunu necə? Şəhid Mübariz İbrahimovun Biləsuvarda yas mərasiminə getmişdim, onun atasının təmkinli ağsaqqal obrazı yaddaşımdan hələ də silinməyib. Və onlarla belə misal çəkmək olar. Ay millət, fərqindəmisiniz ki, biz hansı Azərbaycana doğru yol alırıq? İndi də milli qumşiklərimizə baxıram ki, onlarla səhifədə mənim kollajımı verib, qarşısında əsgər, yeniyetmə, ağsaqqal formalarında kişi cinsindən olan məxluqların mərsiyə deyib ağlamalarını, sızlamalarını, özlərini döymələrini təqdim edirlər. Anlaşılan budur ki, bunun xalqın adəti olmasını göstərirlər. Amma bu danabaşlar yaxşı olar ki, mənə onların ali təhsil diplomlarını, elmi və peşə uğurlarını, uğurlu həyat hekayələrini təqdim etsinlər. Dünyada yeganə məmləkətik ki, insan cahilliyin fəzilətlərindən danışır və minlərlə insan da etiraz etmədən buna qulaq asır. Bir vaxtlar ölülər deyibən güldüyünüz bu məxluqlar siz diriləri qaranlıq dünyaya aparırlar. Ölkədə 5-ci kolon- məhz xaricdən idarə olunan bu cəhalət kolonudur", - deyə Fazil Mustafa vurğulayıb.

T.İSMAYIL