"Bakının mərkəzində bir çox məscidlərimiz irançı qüvvələrin işğalı altındadır" - Deputat

 16:30 20.09.2022     651

"22 yaşlı günahsız bir qadını İrandakı dinçilərin əxlaq polisi öldürdü. Geyimə görə insan öldürmək kimi vəhşilik yalnız İran nümunəsi deyil, özünü İslam adlandıran ərəb və qeyri-ərəb ölkələrinin əksəriyyətində adi bir haldır".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa bildirib.

"Ötənlərdə diqqətimi başqa bir məqam çəkdi. Bildiyimiz kimi, bizim dövlət qurumlarının gəvşəkliyindən Bakının mərkəzində bir çox məscidlərimiz irançı qüvvələrin işğalı altındadır. Bu məkanlardan biri də Qasımbəy məscididir. Orada İranın canişini funksiyasını yerinə yetirən Hacı Samir Ağayev adlı birisi Qumdan gələn tapşırığa əsasən şəxsimə qarşı bir sicilləmə etiraz cızmaqarası paylaşmışdı. Bu cür yazılara qarşı ümumi mövqeyimizi vaxtaşırı cəmiyyətimizə izah etdiyimizə görə üzərində durmayacağam. Ancaq bu şəxsin təqdimatında belə bir rütbə qeyd olunmuşdu: ilahiyatçı, əxlaq ustadı Hacı Samir! Allah-Allah, görən bu əxlaq ustadı nəmənə şeydir? Bu günlərdə İranda əxlaq polisinin 22 yaşlı günahsız bir qızı vəhşicəsinə öldürməsini eşidəndə düşündüm ki, yəqin İranın Azərbaycanda bizdəki satqın və cahillərin yardımı ilə qurmaq istədiyi Kərimə və ya Kərmə (biz tərəflərdə yanılmıramsa təzəyə həm də kərmə deyirlər), yəni Təzək dövlətinin əxlaq polisinin başına bu əxlaq ustadını gətirməyi planlaşdırırlar. Buna deyirlər e, tazının gəvşəkliyindən dovşan gəlib tayada balalayar. Şükür kəramətinə İlahi, nadanların tarix boyu ağıllıları üstələdiyi bu zavallı məmləkətdə 20-ci əsrin əvvəllərində əxlaq ustadınız Şeyx Nəsrullah İsfahani idi, 21-ci əsrdə də əxlaq ustadınız Hacı Samir Qumi oldu. Artıq Vətən əxlaqı olmayanlar yad əxlaqın şagirdi olmaq üçün sıraya düzülə bilərlər. Yazıq, yazıq, yazıq Vətən!", - deyə millət vəkili feysbukda yazıb.

T.İSMAYIL