Yol polisindən rektorlara MÜRACİƏT

 14:00 21.09.2022     143

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) rektorlara müraciət edib.

İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli Redaktor.az-a bildirib ki, ali təhsil müəssisələrinin qarşısında vəziyyət olduqca narahatedicidir.

A.Əsgərli qeyd edib ki, cəmiyyətdə hər gün sıxlıqlar və tıxaclar müzakirə olunur:

"Bu, başadüşüləndir. Amma insan həyatı, sağlamlıq və təhlükəsizlik daha ciddi bir məsələdir. Bu gün ali təhsil müəssisələrinin qarşısında piyada qismində hərəkətdə olan vətəndaşlarımızın yollardakı hərəkətlərinə heç cür haqq qazandırmaq olmaz! Gənc nəslin nümayəndələri gələcəyin mühəndisləri, həkimləri, müəllimləri yollarda elə mənzərə yaradır ki, biz məktəblilərə, böyüməkdə olan uşaqlara kimi misal çəkək, kimi nümunə göstərək?! Bu qayda pozuntuları inzibati məsuliyyət yaratmaqla yanaşı kənardan çox pis görsənir və ictimai fikirə mənfi təsir edir".

"Universitetlərin rəhbərlərindən təlim tərbiyə işlərini aparan pedoqoji kollektivlərdən artıq dərəcədə xahiş edirik ki, bu məsələləri mahiyyəti üzrə kollektivlərində müzakirə etsinlər, tələbə gənclər təşkilatlarının gündəliklərinə salsınlar. Bizim cəmiyyətə savadlı mütəxəssis olmaqla yanaşı nizam-intizama hörmətlə yanaşan, məsuliyyət hissi yüksək olan cəmiyyət formalaşdırmaq lazımdır. İnanırıq ki, ictimai fəal gəmclərimiz əslində çox sadə, lakin həyatı əhəmiyyəti olan yol hərəkəti qaydalarının düzgün təbliğatında bizə dətək olacaqlar! Hər bir gəncimizin yolunun açıq olmasını arzu edir, heç kimin gəncliyinin yollarda bitməməsini diləyirik", - deyə DYP rəsmisi bildirib.