Bakının avtobus dərdi: gecikmələr, sıxlıq...

Paytaxtda yaşayan hər bir sakin bilir ki, son iki həftədə avtobuslarda gecikmələr və günün pik saatlarında sıxlıq müşahidə edilir.
Bu gün bir çox sərnişin mənzil başına ya bir-birini əzərək getməli olur, ya da ümumiyyətlə avtobusa daxil ola bilmirlər.
Mövzu ilə bağlı Redaktor.az-a danışan Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirdi ki, sərnişinlərin avtobuslarda sıxlığa düşməsinin, nəqliyyata daxil ola bilməməsinin əsas səbəbi günümüzün ən böyük problemi olan tıxaclardır.
“Bu gün bizi narahat edən məsələlərdən biri günün pik saatlarında sərnişinlərin avtobuslara minə bilməməsidir. Tıxaca düşən avtobuslar gecikir, nəticə etibarı ilə sərnişin avtobusa daxil ola bilmir. Bu gün avtobuslarda olan sıxlıq, gecikmələr, insanların dayanacaqlarda dəqiqələrlə nəqliyyat gözləməsinin səbəbi tıxaclar, yollardakı nəqliyyat səbəbidir”,- deyə qurum rəsmisi dedi.
BNA-nın sözçüsü onu da qeyd etdi ki, heç bir xətt üzrə avtobus sayı azaldılmayıb:
“Avtobus sayının azaldılmasından söhbət getmir. Xətlərə kifayət qədər avtobus buraxılır. Sadəcə yollardakı nəqliyyat sıxlığı birbaşa müntəzəm sərnişindaşımaların pozulmasına, intervalların artmasına və nəticə etibarı ilə xaotik vəziyyətin yaşanmasına səbəb olur. Bütün bunların nəticəsində insanların ictimai nəqliyyata olan etibarlılığı aşağı düşür”.
Mais Ağayev hesab edir ki, bu vəziyyətdən ən yaxşı çıxış yolu avtobus zolaqlarının təşkilidir:
“Bütün bunların, hətta tıxacların qarşısını almaq üçün ən optimal həll yolu ictimai nəqliyyatda cəlbediciliyi artırmaqdır. Biz elə etməliyik ki, insanlar şəhərdaxili səyahətlərini məhz avtobusla həyata keçirtsinlər. Çünki bir avtobus eyni zamanda 80 insanı daşıya bilir.
Buna görə də, ictimai nəqliyyatın rahat və maneəsiz hərəkəti təmin edilməlidir. Bunun üçün də lazım olan vasitə avtobus zolaqlarının təşkili və şəbəkə halında formalaşmasıdır. Hansı ki Bakı Nəqliyyat Agentliyi bir neçə il bundan öncə bu istiqamətdə layihələr irəli sürüb və onların reallaşdırılmasını təmin etməkdədir”.
Nərmin VÜQARQIZI