"Belə saxtakarlıq, riyakarlıq heç kimə yaraşmaz" - "Dağlıq Qarabağ xalqı" deyən Baydenə ETİRAZ

 16:06 23.09.2022     558

“Biz erməni xalqının demokratik istəklərini, suverenliyini və təhlükəsizliyini dəstəkləməyə davam edəcəyik”.

Bu sətirlər ABŞ prezidenti Co Baydenin Ermənistanın Müstəqillik Günü münasibətilə Baş nazir Nikol Paşinyana göndərdiyi təbrik məktubundandır.

Göründüyü kimi, C.Bayden məktubunda diplomatik və beynəlxalq sədləri kobudcasına aşaraq Azərbaycanın suveren ərazisində yaşayan erməni azlığını "Dağlıq Qarabağ xalqı" adlandırıb.

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Əli Mustafa dedi ki, ABŞ son vaxtlar konkret olaraq Azərbaycan-Ermənistan münaqişəsinə münasibətində bir qədər fərqli bir yanaşma ortaya qoyur:

“Əlbəttə, ABŞ hər zaman bu məsələyə bərabər və eyni baxış tərzi ilə yanaşırdı, amma son dövrlər bir qədər ermənipərəst mövqe qabarır. Görünür, bu da Baydenin məktubuna yansıyıb. Bu, bizə xoş deyil. Çünki biz biz hesab edirik ki, ABŞ elə bir miqyasda dövlətdir ki, o maksimum obyektiv olmalı və tərəflərə qarşı qərəzli olmamalıdır. Amma görünür, erməni diasporunun təsiri və eyni zamanda qarşıdan gələn Nümayəndələr Palatasında keçiriləcək seçkilər təsirsiz ötüşmür. Bu seçkilərdə erməni diasporunun səsini qazanmaq üçün demokratlar istər Konqresdə, istərsə də Baydenin timsalında bütövlükdə daha çox ermənipərəst olmağa meyl ediblər. Əlbəttə, bu təəssüf doğurur”.

Baydenin “Dağlıq Qarabağ xalqı” ifadəsinə münasibət bildirən ekspert vurğuladı ki, belə bir xalq yoxdur.

“Bayden və dünya ictimaiyyəti onu da bilməlidir ki, “Dağlıq Qarabağ xalqı” deyilən bir məxluq zümrəsi yoxdur. Orada yalnız 1828-ci il Türkmənçay müqaviləsindən sonra Azərbaycan ərazisinə köçürülən etnik ermənilər var, hansı ki, onların daha çox hissəsi Ermənistana köçürülüb. Onlar ayrı bir xalq deyil. Belə saxtakarlıq, riyakarlıq heç kimə yaraşmaz. Xüsusən də, ABŞ kimi böyük bir dövlətin rəhbərliyinə yaraşmaz ki, etnik erməniləri başqa bir ad altında sırısınlar, təqdim etsinlər. Onlar etnik, separatçı, Azərbaycan qanunlarına tabe olmaq istəməyən, müxtəlif bəhanələrlə Qarabağ ərazisini Ermənistana birləşdirmək istəyən ermənilərdir.

Bu çıxış Ermənistanın işğalçılıq siyasətini, Azərbaycan ərazilərini işğal edərək genişlənmək siyasətinə haqq qazandırmaqdan başqa bir şey deyil", - deyən Əli Mustafa hesab edir ki, Amerika cəmiyyəti də öz başçılarının belə qeyri-obyektiv mövqelərinə etiraz edəcəklər.

Nərmin VÜQARQIZI