"İran və Ermənistan çox yaxın əmioğluluq edirlər" - Deputat

İran Silahlı Qüvvələrinin baş qərargah rəisi, general-mayor Məhəmməd Baqiri hərbi paradda çıxışı zamanı Azərbaycanı təhdid edib.
Baqiri çıxışında Ermənistan sərhədinin dəyişəcəyi təqdirdə Azərbaycanı hədələyib. O bildirib ki, sərhəd dəyişikliyi olarsa, sakit oturmayacaqlar.
İranlı generalın fikirlərinə münasibət bildirən Milli Məclisin deputatı Elman Məmmədov Redaktor.az-a dedi ki, bu, İran İslam Respublikası tərəfindən Azərbaycana qarşı istiqamətlənən ilk təhdid deyil.
“Onların hədələri çoxsaylıdır. İllər ərzində də davam edir. Ermənistanın sərhədlərinin toxunulmazlığı ilə bağlı çox maraqlıdır ki, İslam dövləti çox narahatlıq keçirir. İran müsəlman dövlətidir. Müsəlman dövləti olan Azərbaycan Respublikasının sərhədləri 30 ildən çox bir müddətdə ermənilər tərəfindən pozuldu və ərazilərimizin 20 faizindən çoxu işğal altında qaldı. Bu müsəlman dövləti niyə buna görə heç narahat olmurdu? Niyə bir bəyanat vermirdi, niyə bir narahatlıq keçirtmirdi? Bunlar (İran və Ermənistan - red.) belə çox yaxın əmioğluluq edirlər, çox maraqlı məsələdir. İndi İran bir az da Ermənistanı müdafiə etsin, amma ABŞ gəlib Ermənistanda oturanda İranın günü nə olacaq, onda soruşacağıq”,- deyə millət vəkili vurğuladı.
Elman Məmmədov qeyd etdi ki, Azərbaycanın heç bir dövlətin ərazisinə müdaxilə etmək fikri yoxdur:
“Digər tərəfdən də Azərbaycanın İranla heç bir sərhəd problemi yoxdur. Biz mehriban qonşuluq şəraitində yaşamağımızı bəyan edir və dediyimizə də əməl edirik. Ermənistan başqa dövlətdir, İransa başqa dövlətdir. Ermənistana görə İran niyə bu qədər narahatdır? Bizim heç bir dövlətin ərazisinə müdaxilə etmək fikrimiz yoxdur. Biz öz ərazilərimizi işğaldan azad etmişik və öz sərhədlərimizi bərpa etmək niyyətindəyik. Buna görə də, İran öz daxilində baş verənlərlə maraqlansa, öz daxili problemlərini həll etməklə məşğul olsa, daha yaxşı olar, nəinki Azərbaycanın daxili məsələlərinə qarışmağa cəhd edir. Gah sərhədlərimizdə qoşun yerləşdirir, gah da sərsəm bəyanatlar verir və s. Bu, müstəqil Azərbaycan dövlətinin daxili işlərinə müdaxilə etməkdir. Bu da beynəlxalq hüquqa zidd olan hərəkətlərdir. İran belə məsələlərdən çəkinsə daha yaxşı olar”.
Nərmin VÜQARQIZI