Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırıldı - SİYAHI -YENİLƏNİB

 15:35 24.09.2022     1486

Azərbaycan jurnalistlərinin VIII qurultayında Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb.

Redaktor.az-ın xəbərinə görə, səsvermə yolu ilə formalaşdırılan İdarə Heyətinin tərkibinə 23 nəfər daxildir.

MŞ İdarə Heyətinin jurnalistlər arasından seçilən üzvləri aşağıdakılardır:

1. Rəşad Məcid

2. Vüsalə Mahirqızı

3. Hacıbəy Heydərli

4. Rauf Arifoğlu

5. Alqış Musayev

6. Niyaz Niftiyev

7. Aydın Quliyev

8. Azər Həsrət

9. Elşad Eyvazlı

10. Aqil Ələsgər

11. Elçin Mirzəbəyli

12. Vüqar Rəhimzadə

13. Akif Aşırlı

14. Səadət Məmmədova

MŞ İdarə Heyətinin ictimaiyyət nümayəndələri arasından seçilən üzvləri aşağıdakılardır:

15. Əflatun Amaşov

16. Qulu Məhərrəmli

17. Vüqar Zifəroğlu

18. Bəhruz Məmmədzadə

19. Yadigar Məmmədli

20. Ceyhun Musaoğlu

21. Umud Mirzəyev

22. Müşfiq Ələsgərli

23. Fərid Pərdəşünas

***

Azərbaycan jurnalistlərinin VIII qurultayında Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb.

Redaktor.az xəbər verir ki, səsvermə yolu ilə formalaşdırılan İdarə Heyətinin tərkibinə 23 nəfər daxildir.

Həmçinin Azərbaycan jurnalistlərinin VIII qurultayının qətnaməsi qəbul olunub.

Qətnamə layihəsini Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli təqdim edib.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Qətnamədə bir sıra məsələlərlə bağlı qeyd edilib ki, jurnalist adından sui-istifadə halları nəzarətdə saxlanılsın, regional medianın inkişaf etdirilməsi ilə bağlı layihənin hazırlanması və müvafiq qurumlara təqdim olunması təmin olunsun.

***

Mətbuat Şurası İdarə Heyətinin üzvlərinin seçilməsi ilə bağlı səsverməyə yekun vurulub.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan jurnalistlərinin VIII qurultayında Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib.

O bildirib ki, artıq səsvermə başa çatıb:

“Hazırda Say Komissiyası səslərin sayının hesablanması ilə məşğuldur. Yeni tərkib bir saat ərzində elan olunacaq”.

***

Azərbaycan jurnalistlərinin VIII qurultayında bir sıra qərarlar qəbul edilib.

Redaktor.az-ın xəbərinə görə, toplantıda əvvəlcə Azərbaycan Mətbuat Şurasının Nizamnaməsinə təklif olunan dəyişikliklər səsverməyə çıxarılıb.

Daha sonra isə Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının adının yeni versiyada - Azərbaycan Jurnalistlərinin Etik Kodeksi adlandırılması barədə dəyişiklik qurultay iştirakçılarının müzakirəsinə təqdim olunub.

Müzakirələrdən sonra hər iki dəyişiklik səsverməyə çıxarılaraq qəbul edilib.

***

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvlərinin seçilməsi ilə bağlı səsvermə başlayıb.

Redaktor.az-ın xəbərinə görə, Azərbaycan jurnalistlərinin VIII qurultayının iştirakçıları Muğam Mərkəzindəki kabinəyə keçərək səsvermədə iştirak edirlər.

Səsvermə başa çatandan yaxın müddət sonra səsvermənin nəticələri elan olunacaq.

Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin üzvlərinin gəncləşdirilməsi təklif edilir.

Redaktor.az-ın xəbərinə görə, bu təkliflə jurnalist Tapdıq Abbas Azərbaycan jurnalistlərinin VIII qurultayında çıxış edib.

O təklif edib ki, Mətbuat Şurasının İdarə Heyəti gəncləşdirilsin:

“Yeni tərkibə gənclər seçilməlidirlər”.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət deyib ki, MŞ tipində qurumlarda ağsaqqallar təmsil olunmalıdırlar:

“Burada həmçinin gənclər də təmsil olunmalıdırlar. Yenilər gəlsinlər, köhnələr qalsınlar demək düzgün deyil”. 

Jurnalist Fərid Şahbazlı isə bildirib ki, Mətbuat Şurasında yeni ruha ehtiyac var:

“İndiyədək Mətbuat Şurasının gördüyü işləri də yüksək qiymətləndirmək lazımdır. Zəfər çalan ölkənin yeni çağırışlara cavab verən Mətbuat Şurası olmalıdır”.

“Müsavat” Media Qrupun rəhbəri, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Rauf Arifoğlu çıxışında MŞ-nin yenilənməli olduğunu qeyd edib:

“İndi informasiya məkanını Mətbuat Şurası idarə etmir. Elə yenilənmə aparılmalıdır ki, Mətbuat Şurası olaraq informasiya məkanına daxil ola bilək. Gəncliyə yer vermək lazımdır. Mən də İdarə Heyətinin üzvü olaraq yerimi gəncliyə verməyə hazıram”.

***

Azərbaycan Mətbuat Şurasının Nizamnaməsinə dəyişikliklər təklif edilir.

Redaktor.az-ın xəbərinə görə, bununla bağlı məsələ Azərbaycan jurnalistlərinin VIII qurultayının gündəliyinə daxil edilib.

Təklif olunan dəyişikliklə İdarə Heyəti Qurultay tərəfindən seçilən 23 həqiqi üzvdən ibarət olacaq. İdarə Heyətinin tərkibinə jurnalistlər və hazırda jurnalist fəaliyyəti ilə məşğul olmayan, habelə dövlət qulluğunda çalışmayan nüfuzlu ictimaiyyət nümayəndələri və sosial media təmsilçiləri seçilə bilərlər. İdarə Heyətinin üzvlərindən 14-ü jurnalistlərdən, 9-u isə ictimaiyyət nümayəndələrindən olacaq.

Nizamnamənin hazırkı variantı isə belədir: “İdarə Heyəti Qurultay tərəfindən seçilən 23 həqiqi və altı ehtiyat üzvdən ibarətdir. İdarə Heyətinin tərkibinə jurnalistlər və hazırda jurnalist fəaliyyəti ilə məşğul olmayan, habelə dövlət strukturlarında çalışmayan nüfuzlu ictimaiyyət nümayəndələri seçilə bilərlər. Həqiqi üzvlərin 11-i jurnalistika, yeddisi ictimaiyyətin, beşi internet portallarının nümayəndəsi, ehtiyat üzvlərin isə ikisi jurnalistika, ikisi ictimaiyyətin, ikisi internet portalların nümayəndəsi olmalıdır”.

***

Azərbaycan Mətbuat Şurasının VIII qurultayında Sədarət, Katiblik, Say və Mandat komissiyaları yaradılıb.

Redaktor.az-ın xəbərinə görə, səsvermənin nəticəsinə uyğun olaraq qurultayı Mətbuat Şurasının sədrinin iki müavini idarə edəcək.

Üç nəfərdən ibarət Mandat komissiyası da formalaşıb. Həmçinin yeddi nəfərdən ibarət Say komissiyasının tərkibi qurultay iştirakçılarının təkidi ilə doqquza çatdırılıb.

***

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan jurnalistlərinin VIII qurultayı öz işinə Dövlət Himninin oxunması və şəhid jurnalistlərin, eləcə də ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Redaktor.az-ın əməkdaşının verdiyi xəbərə görə, daha sonra Mətbuat Şurasının sədrinin birinci müavini Umud Rəhimoğlu Azərbaycan jurnalistlərinin ölkə prezidenti İlham Əliyevə müraciətini səsləndirib.

***

Azərbaycan Mətbuat Şurasının VIII qurultayında Sədarət, Katiblik, Say və Mandat komissiyaları yaradılıb.

Redaktor.az xəbər verir ki, səsvermənin nəticəsinə uyğun olaraq qurultayı Mətbuat Şurasının sədrinin iki müavini idarə edəcək.

3 nəfərdən ibarət Mandat komissiyası da formalaşıb. Həmçinin 7 nəfərdən ibarət Say komissiyasının tərkibi qurultay iştirakçılarının təkidi ilə 9-a çatdırılıb.

***

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan jurnalistlərinin VIII qurultayı öz işinə başlayıb.

Redaktor.az xəbər verir ki, ilk olaraq sədarət, katiblik, say və mandat komissiyalarının yaradılması nəzərdə tutulur.

Bundan sonra qurultayın iş planının təsdiq edilməsi planlaşdırılır.

Qurultayın qrafikinə görə, daha sonra Azərbaycan Mətbuat Şurasının sədrinin hesabatı dinləniləcək.

Ardınca, MŞ-nın Nəzarət-Təftiş Komissiyasının sədri hesabat verəcək. Daha sonra qurultay nümayəndələri bir sıra məsələlər üzrə müzakirələr aparacaq.

Qurultayda Mətbuat Şurasına yeni sədr, idarə heyətinə isə yeni üzvlərin seçiləcəyi gözlənilir. 46 namizəddən 23-nün yeni idarə heyətinə üzv seçilməsi nəzərdə tutulur.