Rusiyadan Bakıya təyyarə biletinin qiyməti 10000 manat olub? - RƏSMİ AÇIQLAMA

Son günlər Rusiyada qismən səfərbərlik elan olunması ilə əlaqədar olaraq bu ölkədən xaricə gedənlərin sayı kəskin artıb. Yerli mətbuatın yazdığına görə, qismən səfərbərlik elan olunandan bəri 250 min Rusiya vətəndaşı ölkədən gedib. Onu da qeyd edək ki, Rusiyada kifayət qədər soydaşımız yaşayır. Əldə etdiyimiz məlumata görə, artıq soydaşlarımız da Rusiyadan kütləvi şəkildə Azərbaycana gəlməyi planlaşdırsa da, quru sərhədlər bağlı olduğundan təyyarə bileti tapmaqda çətinlik çəkirlər. Məlumatda o da qeyd olunur ki, Rusiyadan Bakıya uçan təyyarənin qiymətində kəskin bahalaşma var. Hətta biletin 10000 manata satıldığı iddia olunur.
Məsələyə aydınlıq gətirmək üçün Azərbaycan Hava Yollarının (AZAL) mətbuat xidməti ilə əlaqə saxladıq. Sözügedən qurumun mətbuat katibi Nərmin Xəlilovanın Redaktor.az-a verdiyi məlumata görə, AZAL-ın əvvəldən müəyyən etdiyi qiymətlər sonradan dəyişmir. Hazırda “Azərbaycan Hava Yolları” aviaşirkəti tərəfindən Moskva-Bakı marşrutu üzrə təklif olunan aviabiletlərin xidmət sinifləri maksimal dəyəri aşağıdakı kimidir:
- ekonom sinif - 409 avro;
- biznes sinif - 769 avro;
- “VIP Club” tarifi - 869 avro.
N.Xəlilova onu da əlavə etdi ki, AZAL-la yanaşı Azərbaycana Rusiyanın "Aeroflot", "Rossiya", "Utair", "Azimuth" və digər aviaşirkətləri də reyslər yerinə yetirir. Hər bir aviaşirkət də öz qiymət siyasətini müstəqil şəkildə formalaşdırır:
"Qeyd edək ki, aviabiletlərin qiymətləri birbaşa reysə olan tələbatdan, təyyarədə qalan yerlərdən, alış tarixindən, uçuş mövsümdən və bir sıra digər kriteriyalardan asılıdır".
Həmidə İbrahimova