Mehrinin Ermənistana verilməsi haqqında qərar qanunsuz sayılmalıdır

 18:06 26.09.2022     1350

BMT Baş Assambleyasının 77-ci sessiyasında Nikol Paşinyanın yalanlarına rəğmən sərhəd məsələsində dövlətimiz haqlı olaraq prinsipial mövqeyini davam etdirməlidr. Xüsusilə, tarixi torpaqlarımızla bağlı. Məlumdur ki, Xalq Cümhuriyyətinin süqutundan sonra bolşeviklər Göyçə və Zəngəzurun bir hissəsini Ermənistan SSR-ə verdi. Amma Mehri rayonu Azərbaycan SSR-in tərkibində qalmışdı.

Mehri rayonunun Ermənistana verilməsinin əsas baiskarı isə o dövrdə Azərbaycan SSR-yə rəhbərlik edən erməni Levon Mirzoyan olub. Zəngəzurun bu hissəsi L.Mirzoyan tərəfindən ayrıca olaraq 1929-cu ildə Ermənistana bağışlanıb. (Sözsüz ki, o, bu işi Moskvada yüksək vəzifədə olan ermənilərin dəstəyi ilə edib). Halbu ki, o vaxtadək tarixi torpaqlarımızın bir hissəsi Ermənistana verilmişdi və hər iki ölkə o sərhədlərlə SSRİ-nin tərkibində idilər. Mehri rayonunun sonradan-1929-cu ilə Ermənistana verilməsi isə ermənilərin İranla sərhəddini təmin etmək, ən əsası türk dünyasının coğrafi bağlılığını ayırmaq, Naxçıvanı çətin duruma salmaq idi. Əgər Azərbaycanda rəhbər erməni millətindən olan şəxs olmasaydı, yəqin ki, Mehri Ermənistana verilməyəcəkdi. Məhz müstəqillik qazandıqdan sonra Mehrinin Ermənistana verilməsinin bağışlanmaz olduğunu, bu torpağın Azərbaycan üçün nə dərəcədə həyati əhəmiyyət kəsb etdiyini aydın şəkildə dərk etdik. Torpaqlarımızı işğaldan azad etsək də, Naxçıvanla quru yolla əlaqələrimizi gerçəkləşdirə bilmirik, Ermənistan Zəngəzur dəhlizinin reallaşmasına hər vəchlə əngəl olmağa çalışır.

Ona görə də, bu məsələni hazırkı müzakirələr fonunda qabartmalı, 1929-cu ildə Mirzoyan tərəfindən Mehrinin Ermənistana verilməsinin qanunsuz olduğunu bütün müstəvilərdə qaldırmalıyıq. Milli Məclisdə də bu mövzuda müzakirələr aparıla, hətta həmin qərarın qanunsuz olması barədə sənəd qəbul oluna bilər. Bununla da, Mehrinin Ermənistana verilməsi haqqında qərar hüquqi baxımdan qüvvədən düşmüş olacaq. Bunun ardınca isə, məsələ beynəlxalq platformalara daşınmalıdır. Doğrudur, ikili standartların hökm sürdüyü dünyada nüfuzlu beynəlxalq təşkilatların və dövlətlərin problemə ədalətlə yanaşacağı sual doğurur. Amma bütün hallarda məsələni beynəlxalq müstəviyə çıxarmaqla Ermənistana ciddi zərbə vura bilərik və tarixi ədalətin bərpa olunması yolunda mübarizəmizi davam etdirəcəyik.

Nardar BAYRAMLI

Vumart və Güvən reklamı Vumart Güvən