Jurnalistlərin Mətbuat Şurasının yeni rəhbərliyindən gözləntiləri: "Dişli olmaq önəmlidir"
Xəbər verdiyimiz kimi, sentyabrın 24-də Azərbaycan jurnalistlərinin VIII qurultayı keçirildi. Qurultay iştirakçıları həmçinin Mətbuat Şurasının yeni İdarə Heyətinin üzvlərini də seçiblər. İdarə Heyətinin üzvlərinin arasından "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid Mətbuat Şurasının (MŞ) yeni sədri seçilib.
Redaktor.az MŞ-nın yeni rəhbərliyindən gözləntilərlə bağlı jurnalistlər arasında sorğu aparıb.
"Yenisabah.az"ın rəhbəri Elnur Məmmədli MŞ-nın yeni sədri Rəşad Məcidi təbrik edib, həmçinin qurumla bağlı düşüncələrini bölüşdü:
.png)
“Ümid edirəm ki, Rəşad müəllim medianın inkişafına böyük təkan verə bilməsə belə, heç olmasa, mane olmağa çalışmayacaq! Rəşad müəllim “reket mediaya qarşı mübarizə” kimi boş və mənasız, hüquq-mühafizə orqanlarının səlahiyyətində olan bir məsələyə enerji xərcləməyəcək! İlk qərarı MŞ-dakı Reketliyə qarşı mübarizə komissiyası adlı absurd komissiyanı ləğv edəcək...
Ümid etmək istəyirəm ki, MŞ bundan sonra saytlardan xəbər çıxarmaq işi ilə, xırda məmurların müdafiəsi ilə məşğul olmayacaq! MŞ heç olmasa haqlı məsələlərdə medianın yanında olmaq cəsarəti nümayiş etdirəcək! Medianı öz balasını müdafiə etdiyi kimi müdafiə edəcək! Dişli olmaq önəmlidir. Dişsiz MŞ-dan dişli MŞ-ya keçid etdiyimizi düşünmək istəyirəm. Bu qurultayın nəticələrinin MŞ haqda düşüncələrimin dəyişməsini istəyirəm!
Qurultayda iştirak etmədim. Öz səbəblərim vardı. Elə olmağını istərdim ki, növbəti qurultayı həvəslə arzulayım. Hər şeyi yeni MŞ öz fəaliyyəti ilə göstərəcək. Ümid edirəm...”,- deyə həmkarımız qeyd edib.
“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy bildirdi ki, ən yaxşı variant qurultayda İdarə Heyətinə seçilənləri təbrik edib, yola davam etməkdir:
.png)
“Baxıram, dozası sərt olan bəzi tənqidlər var, eyni zamanda bir az tikanlı ifadələr də müşahidə edirik. Hesab edirəm ki, nəticələri hamılıqla qəbul edib, yola davam etməliyik. Azərbaycan böyük problemləri olan kiçik ölkədir. Bizim qarşımızda hələ də məkrli düşmən var, informasiya savaşında jurnalistlərin sözünə, mövqeyinə, yazısına və ölkə miqyasından kənarda aparacağı mücadiləyə ehtiyac var. Biz enerjimizi bir-birimizə qarşı yönəltməməliyik və milli mövqelərdən çıxış edib həm də vətəndaş olduğumuzu da unutmadan öncə Vətən uğrunda fəaliyyətimizi davam etdirməliyik.
Mətbuat Şurasının sədri Rəşad Məcidi uzun illərdir, tanıyırıq. Azərbaycan mətbuatında yeri olan və sanballı media mənsublarındandır. Həyat təcrübəsi var, jurnalistikamızda öz sözünü deyən insanlardandır. Eyni zamanda MŞ-nın İdarə Heyətində təmsil olunan gənclərin hər biri tanış həmkarlarımızdır. Bizə qalır uğurlar arzulamaq və bir müddət yeni heyətin necə fəaliyyət göstərəcəyini izləmək. Biz heç olmasa müəyyən bir dönəmdə səbrlə bu prosesi izləyib yekunda fikirlərimizi bildirə bilərik. Yeni tərkibin dəstəyə ehtiyacı var. Gələcəkdə görəcəyi işlərdə biz də media təmsilçiləri olaraq öz köməyimizi əsirgəməməliyik.”,-deyə o əlavə edib.
"Bakivaxti.az" saytının baş redaktoru Qalib İbrahimoğlu isə dedi ki, Mətbuat Şurası mətbuatın özünütənzimləmə funksiyasını həyata keçirən, dövlət tərəfindən qəbul olunan əsas qurumlardan biridir.
.png)
“İlk növbədə Rəşad Məcidi Mətbuat Şurasının sədri seçilməsi münasibətilə təbrik edirəm. Qeyd edim ki, çoxunun düşündüyü kimi, Mətbuat Şurası dövlət qurumu yox, ictimai birlikdir, özü də sıradan biri olmayan qurumdur. Azərbaycanda adında mətbuat sözünü daşıyan xeyli ictimai birlik var. Amma Mətbuat Şurası tam başqadır. 3-5 nəfərin deyil, ölkə jurnalistlərinin formalaşdırdığı qurumdan da media nümayəndələrinin gözləntisi çoxdur.
Mətbuat Şurası müxtəlif dövlət orqanları ilə media institutu arasında körpü rolunu oynamalı, münaqişələri sivil qaydada tənzimləməlidir.
Mətbuat Şurasının yeni sədri Rəşad Məciddən gözləntilərə gəlincə, medianın saflaşdırılması istiqamətində mübariz olsun. Mətbuat Şurasının əvvəlki ənənələrinin daha da inkişafını gözləyirik. Problemlərin həllində hansısa qurumun yox, məhz jurnalistlərin tərəfində olmasını arzulayıram”.
"Avtosfer.az" saytının baş redaktoru Elməddin Muradlının fikrincə, Rəşad Məcid həm jurnalistlər arasında populyardır, həm cəmiyyətdə müəyyən qədər nüfuza malikdir, həm də hökumət tərəfindən dəstəklənən insandır. Buna görə də, 3 faktoru birləşdirib mətbuat, hakimiyyət və cəmiyyət arasında körpü rolunu oynaya bilər.
.png)
“Hesab edirəm ki, Mətbuat Şurasının tərkibində yeni nəfəs var. Yenilik istəyən yoldaşlar seçilib ora, biz də bəzilərini dəstəkləmişik. Çox təəssüflər olsun ki, təsadüfi insanlar da İdarə Heyətinə seçildi. Amma böyük əksəriyyət bizim dostlarımız, həqiqi jurnalistlər, əziyyəti, zəhməti və sözü olan insanlardır.
Gözləntilərimiz sadəcə ciddi layihələrdir. Düşünürəm ki, mətbuatla cəmiyyət arasında uçurum, problem yarandıqdan sonra Mətbuat Şurası onu həll etməyə çalışmamalıdır. Bu qurum elə etməlidir ki, bu problemlər yaşanmasın. Düzdür, bunun üçün maliyyə vəsaiti lazımdır, müxtəlif tədbirlər keçirilməlidir, dəyərli jurnalistlərə dəyər verilməlidir. Jurnalistlər hiss etməlidir ki, onlar yaxşı işləyəndə onların əməyinə kimsə qiymət verir. Bu cür layihələr icra olunmalıdır”.
Həmkarımız hesab edir ki, MŞ mətbuatın bütün problemlərini öyrənməli, təhlil etməli, həlli üçün layihələr həyata keçirtməlidir:
“İstər beynəlxalq, istərsə də yerli layihələr təşkil edilməlidir. Mətbuat Şurası sahəvi jurnalistlərin treyninqini həyata keçirməlidir. Dünyada müxtəlif sahələr üzrə trendə çevrilmiş proses gedir. Saytlar artıq ixtisaslaşır. Çox təəssüflər olsun ki, bizdə buna hələ də dəyər vermirlər. Təsəvvür edin, Medianın İnkişaf Agentliyi (MEDİA) 40-a yaxın sayta dəstək verir, onun 6-sı idman, qalanları isə ictimai-siyasi saytdır. Bu dəstək digər saytları hatə etmir. Mətbuat Şurası bu kimi məsələləri MEDİA qarşısında qaldırmalıdır.
Nəqliyyat sahəsi bu gün ölkədə hər kəsi narahat edir. Hamımızın bu və ya digər formada nəqliyyata ehtiyacımız var. Amma bizim saytımıza dəstək yoxdur. İdman sahəsi ilə bağlı saytları seçirlər ancaq. Bəs iqtisadiyyat, tibb, mədəniyyət sahəsindəki peşəkar saytlar? Orada işləyənlər də jurnalistlərdir, bəs, onlara niyə dəyər verilmir? Əgər jurnalistlərə, medianın inkişafına dəstəkdən söhbət gedirsə, o sahəvi saytlarda işləyənlər də jurnalistlərdir. Ona görə də düşünürəm ki, Mətbuat Şurası bütün məsələlərə açıqgözlə baxmalıdır. Oradakı yoldaşlar da “hər şeyi Rəşad Məcidin boynuna ataq” düşüncəsinə malik olmamalıdır. Bu fikirdən uzaq olmalıdırlar. 23 nəfərlik idarə heyəti kollektiv şəkildə bu işləri həll etməlidir. Mən çox böyük gözləntilərlə bu fikirləri deyirəm və inanıram ki qurumda da ağıllı yoldaşlar yaxşı ideyalarla bizi sevindirəcəklər”.
Nərmin VÜQARQIZI












