"Onlar müharibəyə oynaya-oynaya, sevinə-sevinə getdilər”

 14:42 27.09.2022     405

Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür. Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.

Redaktor.az Anım Günü ilə bağlı olaraq deputatların fikrini öyrənib.

Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirdi ki, biz ilk dəfə olaraq həmin gün tarixdə torpaq itirmədik:

“Yəqin ki, hər birimiz iki il bundan qabaqkı həyəcanı yaxşı xatırlayırıq. Hamı müharibəyə, qisasa köklənmişdi və növbəti dəfə Azərbaycan ordusu prezident İlham Əliyevin rəhbərliyi ilə təxribatların qarşısın aldı və öz torpaqlarını azad etdi. Biz ilk dəfə tarixdə torpaq itirmədik və itirilmiş torpaqlarımızı geri qaytardıq. Azərbaycan xalqı məğlub xalqdan qalib xalqa çevrildi. Və bu gün Azərbaycan tarixində bir dönüş nöqtəsinə çevrildi. İllər keçəcək Azərbaycan xalqı bu günü hər zaman xatırlayacaq. Qələbədə xalqımızın birliyi, cənab prezidentimizin siyasəti, ordumuzun rəşadəti və qəhrəmanlığı böyük rol oynadı. Və qarşıda hələ bir çox ciddi vəzifələr var. Bu birlik, qəhrəmanlıq, rəşadət sayəsində Azərbaycan xalqı uzun illər öz qələbəsini təmin edəcək və yaşadacaq. Bu gün baş verənlər göstərir ki, hələ də ermənilərin məkrli planları, niyyətləri var. Biz daha çox çalışmalıyıq, daha çox güclü olmalıyıq, bir olmalıyıq ki, bütün hədəflərimizə çata bilək.”

Milli Məclisin deputatı Aqil Abbas isə bildirdi ki, bu gün dünyanın ən gözəl günüdür:

“Torpaqlarımızın azad olunması ilə başladılmış müqəddəs müharibənin başlanğıc günüdür. Bu gün mənim üçün çox əziz bir gündür. Müharibə 44 gün çəkdi və zəfərlə başa çatdı. Bundan gözəl gün yoxdur. Düzdür, müharibədə həmişə itki olur, amma biz ədalətli müharibə aparmışıq. Bu gün belə demək mümkündürsə, millətin birlik günü, bir yumruq altında birləşdiyi gündür. Şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə can sağlığı arzulayıram. Onlar müharibəyə oynaya-oynaya, sevinə-sevinə getdilər”.

Həmidə İBRAHİMOVA

Vumart və Güvən reklamı Vumart Güvən