"Sonuncu dəfə mənə dedi ki, heç kimin qarşısında ağlama..." - Şəhidin xanımı
27 sentyabr – Xalqımızı şanlı zəfərə aparan Vətən müharibəsinin başlandığı tarix...
Bu gün – illərlə düşmən tapdağı altında qalan torpaqlarımızın azad edilməsi başladılan Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günüdür.
2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar.
Azərbaycanın güclü və nizami ordusu, qətiyyətli Ali Baş Komandanı dərhal hadisələrə reaksiya verdi. Tovuz hadisələrində verdiyimiz şəhidlərin, general Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin qanı yerdə qalmadı.
Sentyabrın 27-də düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi.
Beləliklə, 44 gün çəkən və Zəfərlə bitən müharibə əks-hücumla başladı.
Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamına əsasən, hər il sentyabrın 27-i Azərbaycanda Anım Günü kimi qeyd olunur. Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.
Vətən uğrunda gözünü qırpmadan, ölümün gözünə dik baxan oğul və qızlarımızı yad etmək, xatirəsini əziz tutmaq isə hər birimizin ən müqəddəs borcudur. 27 Sentyabr Azərbaycan xalqının tarixində ən şərəfli gün kimi indiki nəslin gələcək nəsilə buraxdığı mirasdır.
Bu gün ölkənin hər yerində Vətən müharibəsi şəhidləri qürur, dərin hörmət və sevgi ilə anılır, məzarları ziyarət olunur.
Bu gün Vətən müharibəsində xalqımıza ədəbi zəfər duyğusunu yaşadanlardan biri - Rahib Babayevdən bəhs edəcəyik.
Rahib Babayevin 18 illik hərbi xidmətinin 8 ili Murovda, düşmənlə üzbəüz səngərlərdə keçib.
Qüsursuz xidmətinə görə dəfələrlə fəxri fərmanlar, medallar və Ali Baş Komandanın xüsusi mükafatı ilə təltif olunub. Kəlbəcəri azad görmək isə onun ən böyük arzusu olub.
Döyüş yoldaşlarının sözlərinə görə, Rahib Babayev Murov silsiləsində ərazini yaxşı tanıyan az sayda komandirlərdən biri idi.
Müharibə başlayan gün rəhbərlik etdiyi taborla böyük şücaət göstərərək düşməndən təmizlədiyi, xüsusi əhəmiyyətə malik “Canavar” postunu geri almaq istəyən ermənilərin fasiləsiz əks-hücumunun qarşısını alsa da, özü şəhid olub.
Şəhidimizin həyat yoldaşı Aygün xanım belə önəmli bir gündə xatirələrini Redaktor.az-a bölüşüb.
Onun sözlərinə görə, Rahibi sonuncu dəfə müharibənin başlamasında 2 həftə öncə, sentyabr ayının 13-də görüb:
“Rahib sonuncu dəfə bizi görmək üçün Murovdan Sumqayıta gəldi. Onda Rahibin ürəyinə dammışdı ki, bu son görüşüdür. Dedi ki, 2 saat vaxtım var və həmin müddətdə uşaqları qucağından yerə qoymadı, elə hey onları qucaqlayıb öpdü. Soruşdum ki, niyə belə qısa müddətdə gəlmisən, onda mənə dedi ki, bəlkə bir də sizi görmək qismət olmadı...
Rahib hər dəfə məzuniyyətdən hərbi hissəyə gedəndə deyirdi ki, yenə gələcəm. Bu dəfə gedəndə də elə dedi, amma bir daha gəlmədi. Onsuz mənə çox çətindir...”
Şəhidimizin xanımı söylədi ki, müharibənin ilk günlərində onunla əlaqə saxlamaq çox çətin olub. Buna baxmayaraq, Rahib onunla əlaqə saxlayıb hər şeyin yaxşı olduğunu bildirib:
“Sentyabrın 26-dan 27-nə keçən gecə saat 3 də mənə zəng vurdu. “Heç kimin qarşısında ağlama, səni də uşaqları da çox istəyirəm. Hər şey yaxşı olacaq”,- dedi. Ondan sonra daha şəbəkə itdi, danışa bilmədik. Çox narahat oldum. Səhər müharibənin başladığını öyrəndik. Nömrəsinə zəng çatmırdı, qorxurdum, bilmirdim onunla necə əlaqə saxlayım?
Ayın 28-də zəng etdi, bizimlə danışdı və dedi ki, hər şey yaxşıdır, irəliləyirik, post almışıq. Elə narahat idim ki, hər an bir şey olacaq deyə qorxurdum. Səhəri gün yenə zəng vurdum, zəng çatmadı. Hərbi hissəyə də zəng vuranda sağ olduğunu dedilər, bir az rahatladım. Ayın 30-da hərbi hissədən yenə dedilər ki, salamatlıqdır, amma artıq yaralanıbmış. Oktyabrın 1-də isə xəbər gəldi ki, Rahib şəhid olub. İnanın, xəbəri eşidəndə mən də onunla bərabər öldüm”.
Aygün xanım bildirdi ki, hələ də yoxluğu ilə barışmasa da, hər yerdə hiss olunur.
“Rahibin şəhid olmasından sonra həyatımız tamamdəyişdi. Artıq heç nə əvvəlki kimi deyil. Bu iki ildə nə mənim, nə də uşaqların üzü gülmədi. Bizi möhkəm edən onun varlığı idi. Rahibdən mənə 3 övlad bir də gözəl xatirələr qalıb. Mən çox çalışıram uşaqlar onun yoxluğunun əziyyətini çox hiss etməsin. Onlara hər zaman deyirəm ki, atanız sizinlədir və sizi görür. Amma...”
Nərmin VÜQARQIZI
























