“Ucdantutma hamıya 18 faizlik ƏDV tətbiqi qiymət artımına ciddi təsir göstərir" - Əli Məsimli

 12:59 29.09.2022     5811

Xəbər verdiyimiz kimi, ötən günlərdə Milli Məclisin deputatı Vahid Əhmədov saytımıza açıqlamasında bildirib ki, Azərbaycan xarici səbəblərdən asılı olmayaraq artan qiymətlərin qarşısını almaq üçün öncə əlavə dəyər vergisini (ƏDV) ərzaq məhsulları üçün 1-2%-ə qədər azaltmalıdır.

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məcilisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, deputat Əli Məsimli dedi ki, 15 ildən çoxdur ki, Vahid Əhmədovla birlikdə çıxış və təklifləri zamanı Azərbaycanda ƏDV tətbiq metodologiyasının qüsurlu olduğunu vurğulayırlar.

“Ucdantutma hamıya 18 faizlik ƏDV tətbiqinin həm iqtisadi fəallığı boğduğunu, iş adamlarının bir hissəsinin kölgəyə itələdiyini və kölgə iqtisadiyyatının dairəsini genişləndirdiyini, həm də qiymət artımına ciddi təsir göstərdiyini, ƏDV tətbiqi zamanı diferensial dərəcələrə üstünlük verilməsi təkliflərini səsləndiririk. Həm də sadəcə səsləndirmirik. Vergi Məcəlləsinə dəyişikliklər barədə hazırladığımız təkliflər paketində də ƏDV-nin diferensiallaşdırılması və optimallaşdırılması məsələsi xüsusi yer tutub”,- deyə o, qeyd etdi.

Millət vəkilinin sözlərinə görə, həmin təkliflər paketində əsaslandırıblar ki, ƏDV tətbiqi zamanı diferensial dərəcələrə üstünlük verilməsi ilkin mərhələdə ƏDV hesabına büdcəyə daxilolmaları bir qədər azaltsa da, bir müddətdən sonra optimallaşdırılmış ƏDV tətbiqi iqtisadi fəallığı artıracaq:

“Bundan sonra ilk mərhələdəki itkilər artıqlaması ilə kompensasiya olunacaq. İstehlak bazarında qiymətlərə təsir etmək və qiymətlərin optimallaşdırılması istiqamətində verdiyimiz təkliflərdə ƏDV-nin diferensiallaşdırılması məsələsi əsas yer tutub”.

Əli Məsimli söylədi ki, təkliflərlə bağlı aidiyyəti orqanlardan müsbət rəy gəlsə də, bu yöndə heç bir addım atılmadı.  

“Təkliflərimizin bir hissəsi qəbul olundu. Amma təəssüf ki, hələ də ƏDV-nin diferensiallaşdırılması istiqamətində irəli sürdüyümüz təkliflərə münasibətdə real addımlar atılmayıb.

Dünya iqtisadiyyatında gedən proseslər, ərzaq inflyasiyasının güclənməsi, istehlak etdiyimiz xalq istehlak mallarının və ərzağın xeyli hissəsinin xaricdən gətirildiyi bir vaxtda ƏDV-nin diferensiallaşdırılması məsələsinin aktuallığı daha da artıb. Ona görə də ƏDV tətbiqinin diferensiallaşdırılması hazırda ən aktual müzakirə və dinləmə mövzularından birinə çevrilib. Aidiyyəti orqanların bunu nəzərə almasını və əlavə dəyər vergisinin tətbiqinin diferensiallaşdırılması istiqamətində real addımlar atmasını zəruri hesab edirik”, - deyə millət vəkili bildirdi.

Nərmin VÜQARQIZI