Deputatlardan Bakıdakı tıxaclardan qurtulmaq üçün vacib TƏKLİFLƏR

 12:50 29.09.2022     4150

Sentyabrın 15-i dərslər başladıqdan sonra Bakıda nəqliyyatın hərəkətində daha ciddi çətinliklər yaranmağa başlayıb. Hər gün şəhər sakinləri saatlarla tıxacda qalır, iş yerlərinə gecikirlər.

Məsələnin ən acınacaqlı tərəfi isə odur ki, problemin uzun illərdir mətbuatda işıqlandırılmasına baxmayaraq, əlaqədar qurumlar bu barədə uğurlu heç bir nəticə əldə etməyib.

Problemdən çıxış yolu ilə bağlı Milli Məclisin deputatları təkliflərini Redaktor.az-a bölüşüblər.

Millət vəkili Fazil Mustafa bildirdi ki, bu gün artıq tıxacların əlacı yoxdur, çünki yollar yanlış çəkilib, metro tikintisi fəaliyyətini dayandırıb, tramvay və ya trelebus xətti yoxdur, yollar dardır.

“Tıxac artıq həyatımızın reallığıdır və bunu dəyişmək mümkün deyil. Amma yeganə yolu ali məktəblərin, müəyyən dövlət müəssisələrinin, idarələrinin şəhərdən kənara köçürülməsi və kənardan yol alternativlərinin çəkilməsidir. Bu da çox böyük vəsait tələb edir. İndiki zamanda bu vəsaiti tapmaq çətin məsələdir. Vaxtilə bu vəsait boşuna xərcləndi, lazımi səviyyədə dəyərləndirilmədi. İndi də bunun nəticələrini ağır şəkildə ödəyirik”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədovun sözlərinə görə, bu gün tıxacların əsas yaranma səbəbi avtomobilləşmənin olduqca sürətlənməsidir:

“Vaxt var idi, Azərbaycanda cəmi 300 min maşın var idi, indi isə bu say 1,5 milyonu ötüb. Eyni zamanda bir zamanlar işğalda olan ərazilərdə yaşayan əhali də Bakıda məskunlaşıb. Bütün bu səbəblərə görə, avtomobillərin sayı kifayət qədər çoxdur. İlham Əliyevin dövründə yolların kifayət qədər genişləndirilməsinə, əlavə yolların çəkilməsinə baxmayaraq, avtomobil və əhali sayı çox yüksək olduğuna görə sıxlıqlar yaranır”.

Parlamentari qeyd etdi ki, əlaqədar qurum və agentliklər bu problemin həlli üçün ciddi addımlar atmalıdır:

“Digər bir məsələ isə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi bir qədər elə işləməlidir ki, bu kimi problemlər yaranmasın. Belə baxırsan metroda, avtobusda sıxlıq, tıxac da bir tərəfdən. Bütün bunların tənzimləyən mexanizm olmalıdır. Bunun üzərində oturub fikirləşmək lazımdır ki, problemi necə həll etmək olar. Nəqliyyat Agentliyi bu barədə ciddi tədbirlər planı işləməlidir".

Vahid Əhmədov hesab edir ki, bu problemi həll etməyin bir digər ən yaxşı üsulu isə yeni paytaxt şəhərin salınmasıdır:

“Mən də tərəfdarıyam ki, paytaxt köçürülməsi olmasa da, bəzi nazirliklər, dövlət qurumları Bakıdan kənara köçürülsün. Bu problemi həll etmək üçün yeni paytaxt tikmək və ya onu başqa əraziyə köçürmək, yeni bir şəhərciyin salınması da ola bilər. Bu məsələlər həll olunmalıdır, yoxsa tıxac get-gedə daha da artır, insanlar işə gecikir, işlərini görə bilmirlər. Bu böyük bir problemdir. Bu bir tək avtomobillərdə olsa başqa məsələ, amma nəqliyyatın hər bir növündə tıxaclar mövcuddur”,-deyə millət vəkili vurğuladı.

Nərmin VÜQARQIZI