Hərbçilərimiz öz canlarını xalqımızın ləyaqətini bərpa etməsi uğrunda fəda edirdilər
Prezident İlham Əliyev 27 sentyabr Anım Günündə, birinci xanım Mehriban Əliyeva ilə birlikdə Füzuli rayonuna səfər etdi. Dövlətimizin başçısı və birinci xanım şəhidlərimizin xatirəsinə Qaraxanbəyli kəndinin yaxınlığında qaya parçasında ucaldılmış abidənin önünə gül dəstələri qoydu, qəhrəmanlarımızı sayğı ilə anaraq bildirdi ki, bütün Azərbaycan xalqı şəhidlərimizin əziz xatirəsini yad edir.
27 Sentyabr “Anım günü” şəhidlərimiz Vətən müharibəsi qəhramanlarımız bütün dünya azərbaycanlıları tərəfindən anılır. Hər birimiz müasir Azərbaycan tarixinin ən qürurlu, fəxarətli günlərini yaşayırıq. Hər birimizə məlum olduğu kimi, 27 sentyabr 2020-ci il tarixdə Ermənistanın Azərbaycana qarşı növbəti dəfə təxribatının qarşısını alınması məqsədilə Ali Baş Komandanımızın başçılığı ilə müzəffər Ordumuzun əks hücum əməliyyatı başlanıldı.
44 gün davam hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın silahlı qüvvələrini məhv edərək müasir tariximizə yeni bir şanlı gün yazdı və şəhidlərimizin qisası alındı.Vətən müharibəsi zamanı Azərbaycan xalqı bütün gücünü səfərbər edib Ali Baş Komandanımızın ətrafında yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovub. Bu Qələbənin qazanılmasında bütün Azərbaycan cəmiyyəti birlik və iradə nümayiş etdirib. Qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün biz azad edilmiş torpaqlarda qurub-yaradır, şəhərlərimizi, kəndlərimizi bərpa edir, həmçinin şanlı Zəfərimizlə qürur duyuruq. Müzəffər Ordumuz xalqımızın 30 ilə yaxın bir zaman kəsiyi ərzində düşmən tərəfindən oğurlanmış, təhqir olunmuş qürurunun geri qaytarıldığını müjdələdi və beləliklə də Azərbaycan torpaqları işğal altında olan dövlət statusunu qalib ölkə statusu ilə dəyişdi. Azərbaycan təkcə öz torpaqlarını deyil, bütün Cənubi Qafqaz regionunu bəlkə də son iki əsrdə bəşəriyyətin qarşılaşdığı ən təhlükəli bəlalardan birindən – erməni faşizmindən xilas etdi.
Prezident İlham Əliyev Qaraxanbəyli kəndindəki abidənin önündə çıxış edərkən bildirib ki, “İlk şəhidləri biz məhz burada, bu yerdə vermişik. Bu abidənin yanında düşmənin səngəri yerləşirdi. Bu istiqamətdə beş-altı müdafiə xətti mövcud idi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bu müdafiə xəttini və bundan sonrakı müdafiə xətlərini yarmaq üçün ölümə gedirdi. Sözün əsl mənasında ölümə gedirdi, öz canını fəda edirdi ki, üçrəngli Bayrağımız Şuşada və o vaxt işğal altında olan digər bütün torpaqlarda dalğalansın. Öz canını fəda edirdi ki, Azərbaycan xalqı ləyaqətini bərpa etsin, ədaləti bərpa etsin və xalqımız öz torpaqlarına qayıtsın. Bu istiqamətdən düşmənin birinci müdafiə xəttini yararaq bizim Zəfər yürüşümüz başlamışdır. 44 gün ərzində Azərbaycan Ordusu hər gün dayanmadan, usanmadan, geriyə addım atmadan ancaq irəliyə getdi və düşmənləri qovaraq torpaqlarımızdan çıxartdı”.
Azərbaycan əsgər və zabitləri öz canını fəda edirdi ki, xalq ləyaqətini bərpa etsin, ədaləti bərpa etsin və öz torpaqlarına qayıtsın.
Sonda bildirmək istəyirəm ki, Şəhidlərimizin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.
Altun Şeydayev,
Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatının Sədr müavini












